“Qarabağda turizm-rekreasiya potensialının qiymətləndirilməsi və inkişaf perspektivləri” - konfrans
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Şuşa İli” çərçivəsində “Qarabağda turizm-rekreasiya potensialının qiymətləndirilməsi və inkişaf perspektivləri” mövzusunda respublika konfransı keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova tədbirin “Şuşa İli” ilə bağlı təsdiq olunmuş tədbirlər planı çərçivəsində keçirildiyini diqqətə çatdırıb.
Tədbirin moderatoru, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri professor Şəfa Əliyev bildirib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra Qarabağda aparılan yenidənqurma və quruculuq işləri yaxın gələcəkdə bu diyarın bütün Cənubi Qafqazın inkişaf edən mədəniyyət və turizm mərkəzlərindən biri olacağını deməyə əsas verir. Qarabağın əlverişli iqtisadi-coğrafi mövqeyə, zəngin təbii ehtiyatlara, nadir iqlim xüsusiyyətlərinə malik olması, münbit torpağı, flora və faunası ölkəmizin turizm sənayesinin inkişafı üçün yeni üfüqlər açıb.
Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru dosent Elçin Süleymanov “Qarabağ iqtisadi rayonunun turizm-rekreasiya potensialı və perspektivləri" mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqaməti işğaldan azad olunmuş ərazilərdə nəqliyyat-logistika infrastrukturunun qurulmasıdır. Şuşada geniş rekreasiya imkanlarının olduğunu qeyd edən məruzəçi bu resurslardan səmərəli istifadə etməklə turizm-rekreasiya komplekslərinin yaradılmasının, brend otellərin tikilməsinin, sanatoriya şəbəkəsinin genişləndirilməsinin mümkünlüyündən danışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət idarəetməsi və menecment kafedrasının müdiri professor Xatirə Hüseynova “Qarabağ iqtisadi rayonunda turizmin inkişaf prioritetləri” mövzusunda çıxış edib. O bildirib ki, Qarabağ iqtisadi rayonunda turizmin inkişafına təkan verə bilən bir sıra prioritetli turizm sahələri vardır ki, onların da inkişafı gələcəkdə regionda turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsinə kömək edəcək. Məruzəçi qeyd edib ki, işğaldan azad olunmuş torpaqların, xüsusən də mədəniyyət paytaxtı kimi Şuşanın potensialından istifadə olunması mədəniyyət turizminin inkişafına şərait yaradacaq.
Naxçıvan Dövlət Universitetinin dosenti Əli Cabbarov “Naxçıvan-Qarabağ turizm potensialının reinteqrasiyası və turizm marşrutlarının formalaşdırılması imkanları” mövzusunda təqdimatla çıxış edib. O, Naxçıvanla Qarabağın təbii turizm ehtiyatları, xüsusən müalicə-sağlamlıq və dağ-relyef ehtiyatları baxımından kurort-sanatoriya, passiv ekoturizm və tanışlıq turizmi növləri ilə yanaşı, bir sıra yeni turizm növlərinin - dağ yürüşləri, foto ovçuluq, raftinq, ekstrim və s. tətbiqi üçün də geniş imkanlar yaradacağını diqqətə çatdırıb.
Konfransda çıxış edənlər Azərbaycanın dövlət siyasətinin əsas hədəflərindən biri olan turizm imkanlarının genişləndirilməsi istiqamətində təkliflərini səsləndiriblər.