Qaradağ Rayon İcra Hakimiyyəti şəhid ailələrini və yaralıları ziyarət edir
Bakı, 31 dekabr, AZƏRTAC
Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına və şücaətlə döyüşərək şəhid olmuş və ya yaralanmış hərbi qulluqçularımızın ailələrinə Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü ərəfəsində qayğı göstərilir.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Vətən müharibəsində həlak olmuş şəhidlərin məzarlarını, sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına və şücaətlə döyüşərək şəhid olmuş və ya yaralanmış hərbi qulluqçularımızın ailələrini ziyarət edib.
Şəhid ailələri ilə görüşən RİH başçısı bir daha başsağlığı verib, onları narahat edən sosial problemləri dinləyib və həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Qazilərimizin səhhəti ilə maraqlanan başçı, onların sosial reabilitasiya dövründə səhhətləri ilə bağlı narahat edən bütün məsələlərinin diqqət mərkəzində olduğunu bildirib.
Qeyd edilib ki, şəhid və qazi ailələrinin sosial məsələləri rayon icra hakimiyyətinin diqqət mərkəzindədir və bütün ehtiyacları barədə dərhal müraciət edə bilərlər.
Şəhid və qazi ailələrinə ərzaq yardımları edilib.