Qaradağ rayonunda Dövlət Bayrağı Günü qeyd olunmuşdur
Bakı, 8 noyabr (AZƏRTAC). Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “dəyirmi masa” keçirilmişdir.
Əvvəlcə iştirakçılar Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində qeyd edilməsinin əhəmiyyətini vurğulamış, dövlət bayrağının yaranması tarixindən danışmışdır.
O demişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci il iyunun 24-də Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk qərar verilmiş, bu qərara əsasən üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq dövlət bayrağı kimi qəbul olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq üçrəngli - mavi, qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəz olunmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilmişdir. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında qaldırılmışdır. Həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə yadda qalmışdır.
Yığıncaqda digər çıxış edənlər bildirmişlər ki, bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır.
Qeyd olunmuşdur ki, dövlətimizin başçısının milli ideallara bağlılığı üçrəngli bayrağımıza münasibətdə də açıq-aydın görünür. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə”yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir.
Qeyd edilmişdir ki, dövlət rəmzlərimizə göstərilən bu münasibət ölkəmizdə insanların azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını təmin edir.