Qaradağ rayonunda qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə reydlər keçirilib
Bakı, 2 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin və rayon icra hakimiyyətinin əməkdaşları ilə birgə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində reydlər keçirilib.
Reyd zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi yerlər aşkar edilib və baytarlıq nəzarəti həyata keçirilmədən ət məhsullarının satışa çıxarıldığı məlum olub. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.
Eyni zamanda, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirilmələri üçün zəruri məlumatlar verilib.