Qaradağ rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Bakı, 1 iyun, AZƏRTAC
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, məktəbin biologiya müəllimi, biologiya elmləri üzrə fəlsəfə doktoru Samirə Musayevanın təşkil etdiyi tədbirdə atasız-anasız və ya bir valideyn himayəsində olan uşaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində canlarından keçən şəhidlərimizə, şəhid analara həsr edilən şeirlər, mahnılar, eləcə də səhnəciklər təqdim olunub. Uşaqlar biri-birindən maraqlı rəqs nömrələri göstərərək şən mahnılar oxuyublar.
Məktəbin direktoru Gülər Bəbirova uşaqları əlamətdar gün münasibətilə təbrik edib, onlara dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. O, uşaqların hamı üçün əziz olduğunu, onları qorumağın, müdafiə etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırıb.
Sonda məktəb kollektivi adından uşaqlara hədiyyələr verilib.