QARS-TBİLİSİ-BAKI AVROPANI ASİYA İLƏ BİRLƏŞDİRƏN DƏMİR YOLUDUR
Məqalədə deyilir ki, Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu şəbəkələrini birləşdirmək ideyası ilk dəfə hələ 1993-cü ilin iyulunda birgə nəqliyyat komissiyasının iclasında müzakirə olunmuşdur.
Bu ideyadan BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (AİK) tərəfindən maliyyələşdirilən Transavropa dəmir yol sisteminin tikintisinə dair Baş planda istifadə edilmişdir.
2002-ci ilin iyulunda Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat nazirləri marşrutu təsdiqləyən protokol imzalamış, 2005-ci il fevralın 28-də keçirilən iclasda isə layihəni gerçəkləşdirməyin iqtisadi cəhətdən məqsədəuyğunluğunu təhlil etmək barədə razılığa gəlmişlər.
AİK bu layihəni sponsorlaşdırılması mümkün olan və 2010-cu ilədək həyata keçiriləcək ən mühüm layihələr sırasına aid etmişdir.
Layihənin həyata keçirilməsi dəmir yolunun Qarsdan Axalkalakiyədək 98 kilometrlik xəttin tikintisindən asılıdır (68 kilometri Türkiyədə, 30 kilometri Gürcüstan ərazisində, habelə Axalkalaki-Tbilisi xəttinin təmiri). Layihənin güman edilən dəyəri 400 milyon dollardır.
Məqalədə xatırladılır ki, hazırda Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın dəmir yolu şəbəkələrini birləşdirən iki yol var və onlar Avropa İttifaqının maliyyələşdirdiyi TRASEKA layihəsinin bir hissəsidir. Bunlar Bakı-Tbilisi-Poti və Bakı-Tbilisi-Batumi dəmir yollarıdır.
Bununla belə, Gürcüstan və Türkiyə arasında dəmir yol əlaqəsi yoxdur. Qars-Axalkalaki yolunun çəkilməsi onların dəmir yol şəbəkələrini birləşdirəcək və Şərq-Qərb istiqamətində ticarətin inkişafına təkan verəcəkdir.
Məsələn, Çindən yüklər Aktauya (Qazaxıstan), sonra gəmi ilə Bakıya gətirilə, oradan Bakı-Tbilisi-Axalkalaki-Qars-İstanbul dəmir yolu vasitəsilə birbaşa Türkiyəyə və buradan Avropaya göndərilə bilər.
Eynilə, yüklər Avropadan Cənubi Qafqaza, Mərkəzi Asiyaya və ya Çinə asanlıqla göndərilə bilər.
Deməli, Qars-Axalkalaki dəmir yolu son nəticədə Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa İttifaqının dəmir yol şəbəkələrini birləşdirəcəkdir.
Bu layihə regionun bütün ölkələrinə fayda gətirə, habelə Avropanın mənafelərinə xidmət edə bilər. Qəzet diqqəti buna yönəldərək, xüsusi vurğulayır ki, iqtisadi cəhətdən həyat qabiliyyətli olan bu layihə Asiyaya alternativ dəmir yol şəbəkəsi təklif edərək, Avropa qitəsinin yeni geosiyasi formalaşmasını çox yaxşı tamamlayır.
Azərbaycan layihənin birbaşa benefisiarı olmasa da, onun potensialına inanır və bu ideyanı tamamilə dəstəkləyir.
Azərbaycan Prezidenti İlham Əliyev Qars-Tbilisi-Bakı dəmir yolu marşrutunu şərh edərək, onun həm regional inkişaf, həm də region ölkələri arasında ticarətin inkişafı üçün əhəmiyyətini vurğulamışdır.
Məqalədə daha sonra deyilir ki, Avropa Parlamentinin və Avropa
Şurasının məlum direktivlərinə tam cavab verən layihə, şübhəsiz, Transavropa nəqliyyat şəbəkəsinin məqsədlərinə də uyğundur, Avropanın yeni qonşuluq siyasəti prosesinin tələblərinə də cavab verir.
Marşrut körfəzlərdən yan keçdiyinə görə, Bosforda hərəkəti yüngülləşdirdiyi üçün layihənin mühüm ekoloji səmərəsi də var. Dəmir yollarına üstünlük verilməsini təmin etməklə, layihə beynəlxalq nəqliyyatın davamlı inkişafına kömək edir. Ən yüksək səviyyədə dəstəklənən və üç ölkənin – Azərbaycan, Gürcüstan və Türkiyənin maraq göstərdiyi layihə regional inteqrasiyanın güclənməsinə yönəlmiş əməkdaşlığa nümunədir.
Marşrutun keçəcəyi rayonlarda, əsasən, milli azlıqların məskunlaşdığı nəzərə alınmaqla, layihənin sosial-iqtisadi üstünlüyü, iştirakçı dövlətlərin əyalətlərinin inkişafı üçün faydası göz qabağındadır.
İstanbul-Qars-Axalkalaki-Tbilisi-Bakı-Türkmənbaşı-Daşkənd-Almatı-Çin dəmir yolu İrandan keçən Transasiya dəmir yolundan 415 kilometr qısadır. Təhlükəsizlik, sürət və digər üstünlüklərdən əlavə, yolun əksər hissəsi standarta uyğunlaşdırılmışdır.
Çin sərhədindən Aktau limanınadək standart dəmir yol xəttinin tikintisinə dair Qazaxıstan-Çin birgə layihəsi və Bosfor körfəzinin altından tunelin inşası ilə bağlı Türkiyə layihəsi (Mərmərə layihəsi) Qars-Tbilisi-Bakı layihəsi ilə birlikdə həyata keçirilərsə, Transavropa və Transasiya dəmir yol sistemləri birləşəcəkdir.
Dəmir yolu vasitəsilə neft və neft məhsulları, inşaat və meşə materialları, qara və əlvan metallar, daş kömür, manqan, pambıq, taxıl, maşınlar, avadanlıq və s. daşınacağı güman edilir.
Qəzet yazır ki, hesablamalara görə, ilk iki ildə daşınan yükün həcmi 2 milyon tona çatacaq, növbəti üç ildə isə 5 milyon ton təşkil edəcəkdir.