QARŞILIQLI MARAQ DOĞURAN MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR
Azərbaycan və Avstriya ali məhkəmələri arasında bu günlərdə imzalanmış əməkdaşlıq sənədlərinin əhəmiyyətini qeyd edən Baş prokuror Zakir Qaralov, ölkələrimizin qarşılıqlı əlaqələrinin əsasının ümummilli liderimiz Heydər Əliyevin 2000-ci ilin iyulunda Avstriyaya rəsmi səfəri ilə qoyulduğunu xüsusi vurğulamışdır. Həmçinin, Azərbaycan və Avstriya ədliyyə nazirlikləri, baş prokurorluqları arasında Anlaşma Memorandumunun və Əməkdaşlıq Proqramının imzalanmasından, Avstriyanın baş prokuroru Valter Preslauerin respublikamıza rəsmi səfərindən sonra ölkələrimizin məhkəmə və prokurorluq orqanları arasında əməkdaşlığın genişləndiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın Baş Prokurorluğu nümayəndə heyətinin Avstriyaya cavab səfəri əməkdaşlığın daha sıx inkişafına təkan verəcəkdir.
Baş prokuror Zakir Qaralov müstəqillik illərində ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə qonağa ətraflı məlumatlar vermiş, prokurorluğun sivil və müasir standartlar səviyyəsində işləməyə qadir olan demokratik dövlət təsisatı kimi formalaşdırılması istiqamətində görülən tədbirləri diqqətə çatdırmışdır.
Görüşdə, həmçinin ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üçün dövlət səviyyəsində görülən tədbirlər, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə dair imzaladığı mütərəqqi normativ-hüquqi aktlar, hakimlərin və prokurorluq işçilərinin işə qəbulunun demokratik və şəffaf prosedurlar əsasında test imtahanı və müsabiqə yolu ilə həyata keçirilməsi, işə qəbul ediləcək hakimlərin və prokurorluq əməkdaşlarının Ali Ədliyyə Akademiyasında kurs keçmələri üçün aparılan hazırlıq işləri barədə məlumat verilmiş, onların Avstriyada təcrübə keçmələrinin vacibliyi vurğulanmışdır.
Avstriya Respublikası Ali Məhkəməsinin sədri İohann Jeşut ölkəsinin məhkəmə sistemi barədə məlumat verərək, hakimlər ilə prokurorluq orqanları əməkdaşları arasında əlaqələrin formaları, həm ittiham, həm də müdafiə tərəflərinin hüquqlarının eyni olması və bunun təmin edilməsi üçün görülən tədbirlər barədə fikirlərini diqqətə çatdırmışdır.
Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə olunduğu görüşdə Azərbaycan ilə Avstriyanın məhkəmə və prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə inam ifadə edilmişdir.