QAX QADINLARININ III KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 15-də Qax rayon qadınlarının III konfransı keçirilmişdir.
Azərbaycan Qadınlarının III qurultayına hazırlıq çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə konfransın gündəliyinə 2003-2008-ci illərdə rayonda qadınlarla bağlı görülmüş işlər, Azərbaycan Qadınlarının III qurultayına nümayəndələrin seçilməsi və Ağbirçəklər Şurasının yaradılması ilə bağlı məsələlərin daxil edildiyini bildirmişdir.
Rayon İcra hakimiyyəti başçısının müavini Ziyafət Xasıyeva rayon qadınlarının ictimai-siyasi həyatda rolu və fəaliyyəti barədə məruzə etmişdir.
Konfransda çıxış edənlər qadınların cəmiyyətdə yeri və rolu barədə danışmış, onlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini qeyd etmiş, qarşıdan gələn növbəti prezident seçkilərində Qax qadınlarının yekdilliklə Prezident İlham Əliyevə səs verəcəklərini xüsusi vurğulamışlar.
AQUPDK sədrinin müavini Aynur Sofiyeva cari ilin sentyabrında keçirilməsi nəzərdə tutulan Azərbaycan Qadınlarının III qurultayına hazırlıqla bağlı görülən işlər barədə danışmış, dövlətin qadınlarla bağlı siyasətinin əsas istiqamətləri barədə məlumat vermişdir.
A.Sofiyeva bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyev cəmiyyətdə qadının rolunun artırılmasına daim xüsusi diqqət və qayğı ilə yanaşardı. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Konfransda Azərbaycan Qadınlarının III qurultayına nümayəndələr seçilmiş, Ağbirçəklər Şurasının tərkibi təsdiqlənmişdir.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.