REGİONLAR
Qax rayonunda Kürmükoba bayramı qeyd olunub
Qax, 6 may, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızın ərazisində tariximizin müxtəlif dövrlərinə aid, o cümlədən Qafqaz Albaniyası həqiqətlərinin daşıyıcısı olan onlarla tarixi abidə mövcuddur. Belə abidələrdən biri də Qax rayonunun ərazisində, Əmbərçay kəndi yaxınlığında yerləşən Kürmük məbədidir. Erkən Orta əsrlərə aid qədim alban məbədinin izlərini daşıyan bu məbəd əcdadlarımızın dini inanclarının rəmzi abidəsi, müxtəlif dinlərdən olan insanların ibadətgah yeridir. Dövlətimiz tərəfindən tarixi abidə kimi qorunan Kürmük məbədi, həm də xalqımızın tarixi yaddaşı, Azərbaycanın maddi-mədəni irsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ənənəyə uyğun olaraq Kürmük məbədində ildə iki dəfə - may və noyabr aylarında Kürmükoba bayramı keçirilir. Bayramda dini ayinlər icra olunur, qurbanlar kəsilir, el gəzintisi təşkil edilir.
Mayın 6-da Kürmük məbədində növbəti bayram mərasimi keçirilib. Rayonun yerli sakinləri - azərbaycanlılar, ingiloylar, gürcülər, həmçinin ətraf rayonlardan gələn qonaqlar əsl tolerantlıq örnəyi nümayiş etdirərək, səhər saatlarından başlayaraq birlikdə məbədi ziyarət edib, dini ayinləri yerinə yetirib, qurban kəsiblər.
Qeyd edək ki, Qax rayonundakı Kürmük məbədinin tarixi ilə bağlı araşdırma aparan tarix üzrə elmlər doktoru, professor Məhəbbət Paşayeva özünün “Kürmük məbədi Azərbaycanda dinlərin sinkretizmi nümunəsidir” sərlövhəli məqaləsində yazıb: “Dini mənsubiyyətindən asılı olmayaraq geniş xalq kütlələrinin - istər müsəlman, istərsə də xristian əhalinin elliklə bu bayramda iştirakı Kürmükoba bayramının qədim, ibtidai kökləri olan bir mərasim olduğunu göstərir. Tarix boyu Kürmük çayının şərəfinə keçirilən, Ay və su kultu ilə bağlı qədim məhsuldarlıq ayininin izlərini daşıyan Kürmükoba bayramı öz ilkin mahiyyətini itirməyib, yerli əhali Kürmükoba bayramında kökü qədim alban mədəniyyətinə dayanan ümumazərbaycan ənənələrini yaşatmağa nail olub, Azərbaycan tarixinin ən erkən mərhələlərində meydana gələn qədim dünyagörüşləri əsrlərin süzgəcindən keçirərək qoruya bilib”.