Qaxda “Heydər Əliyevin mədəniyyət və turizmin inkişafına töhfələri” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Qax, 7 noyabr (AZƏRTAC). Noyabrın 7-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin mədəniyyət və turizmin inkişafına töhfələri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və rayon mədəniyyət və turizm şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət və turizm sahəsində çalışan mütəxəssislər, muzey əməkdaşları iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin foyesində ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları milli memarlıq ənənələrini saxlamaqla ən müasir üslubda tikilən və bu ilin avqustunda dövlətimizin başçısının xeyir-duası ilə istifadəyə verilən Mərkəzdə yaradılan şəraitlə tanış olmuş, əsas zalda quraşdırılmış xüsusi ekran və tablolarda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən ekspozisiyaya, fraqmentlərə baxmışlar.
“Dəyirmi masa”nı Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalov açaraq bu il xalqımızın böyük bayram əhval-ruhiyyəsi ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini qeyd etdiyini, bugünkü tədbirin də bu əlamətdar yubileyə həsr olunduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, xalqı tarixdə yaşadan onun yetirdiyi böyük şəxsiyyətlərdir. Ümummilli lider Heydər Əliyev məhz belə nəhəng simalardandır. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır.
“Dəyirmi masa”da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Məzahir Qarayevin “Regionlarda turizmin dövlət tənzimlənməsi və inkişaf perspektivləri” və Azərbaycan Turizm İnstitutunun dosenti Çingiz Gülalıyevin “Heydər Əliyevin mədəniyyət və turizmin inkişafına töhfələri” mövzularında məruzələri dinlənilmişdir. Bildirilmişdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr mədəniyyətimizin və incəsənətimizin tarixində yeni bir intibah dövrüdür. Ümummilli Liderimiz nəhəng tarixi şəxsiyyət olaraq özünün möhtəşəm ictimai-siyasi fəaliyyətinin tərkib hissəsi kimi, məhz Azərbaycan mədəniyyəti və incəsənətinin yüksəlişi, çiçəklənməsi, zənginləşməsi, bütün dünyada tanınması naminə taleyin hökmü ilə hakimiyyətə gəlmişdir. Qeyd olunmuşdur ki, Ulu Öndərin milli mədəniyyətə, mənəviyyata göstərdiyi münasibət hər birimiz üçün böyük bir məktəbdir.
Tədbirdə çıxış edənlər Ümummilli Liderin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın həyatın bütün sahələrində olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də böyük uğurlara imza atdığını xüsusi vurğulamışlar.