REGİONLAR
Qaxda uşaqlara bayram sevinci bəxş olunub
Qax, 1 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də Qax şəhərində uşaqlar üçün bayram şənliyi təşkil olunub.
Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən bayram tədbirində rayon ictimaiyyətinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid və qazilərin övladları, valideynlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova çıxış edərək uşaqları əlamətdar bayram münasibətilə təbrik edib, ölkəmizdə uşaqların müdafiəsi sahəsində görülən işlərdən danışıb. Vurğulanıb ki, balacaların yaxın dostu olan Ümummilli Lider Heydər Əliyev uşaqlara daim sevgi və məhəbbət bəsləyib. Hazırda bu siyasət Prezident İlham Əliyev, həmçinin Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Gələcəyimiz olan uşaqların qayğısız böyümələri üçün davamlı tədbirlər həyata keçirilir.