REGİONLAR
Qaxlı fermerlər indiyədək emal məntəqələrinə 2841 ton yaş tütün təhvil veriblər
Qax, 1 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında tütün yığımı başa çatmaq üzrədir. Fermerlər mövsümün əvvəlindən indiyədək emal məntəqələrinə 2841 ton yaş tütün təhvil veriblər. Bu günədək emal məntəqələrində yaş tütün kütləsindən 336,6 ton quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, cari mövsümdə Qax rayonunda “Azərtütün” ASC tərəfindən 131 hektar, “Zaqatala AGRO Industry” MMC tərəfindən 132,3 hektar, fərdi qaydada isə 110 hektar olmaqla, ümumilikdə, 373,3 hektar sahədə tütün əkilib. Tütün istehsalı ilə əlaqədar emal məntəqələri tərəfindən 33 fermerlə müqavilə bağlanılıb. Eyni zamanda, xeyli sayda torpaq mülkiyyətçisi fərdi qaydada tütün yetişdirilməsi ilə məşğul olub. Tütün istehsalçıları bu günədək “Azərtütün” ASC-nin emal məntəqəsinə 729,5 ton, “Zaqatala AGRO Industry” MMC-yə 614,7 ton, digər emal müəssisələrinə isə 1496,8 ton yaş tütün təhvil veriblər.
Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 477 hektar sahədən 560,8 ton quru tütün əldə ediblər.