Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“QAYIDIŞ” XALÇASININ TƏQDİMAT MƏRASİMİ

Yeni Azərbaycan Partiyası 15 iyun - Milli qurtuluş günü münasibətilə iyunun 12-də “Gülüstan” sarayında “Qayıdış” xalçasının təqdimat mərasimini keçirmişdir. 

Sarayın foyesində xalçaçı rəssam Tahir Məcidovun rəhbərliyi altında “Azərxalça” istehsalat birliyində toxunmuş, üzərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin portreti, Azərbaycanın dövlət rəmzləri, tarixi şəxsiyyətləri və abidələri təsvir olunmuş nəfis xalça asılmışdı.

Mərasimdə nazirlər, komitə sədrləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri, elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri iştirak edirdilər. Təqdimat mərasimini Yeni Azərbaycan Partiyasının icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov açdı.

YAP-IN İCRAÇI KATİBİ, MİLLİ MƏCLİSİN DEPUTATI ƏLİ ƏHMƏDOVUN ÇIXIŞI

-Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Çağdaş Azərbaycan tarixinin bir çox önəmli hadisələrinin şahidi olan “Gülüstan” sarayında bu gün ictimai və mədəni həyatımızın yeni bir əlamətdar hadisəsində iştirak edirik. Bu gün biz tariximizin şanlı insanlarının və anlarının gözəl təcüssümünü tapdığı və bu sarayı bəzəyən “Qayıdış” xalçasının təqdimat mərasiminə toplaşmışıq. Düşünürəm ki, Azərbaycanın xalçaçılıq tarixində hadisə adlandırılmağa layiq olan bu gözəl sənət əsərinin hər hansı başqa bir yerdə təqdim edilməsi “Gülüstan”dakı qədər böyük dəyər və rəmzi məna daşıya bilməzdi.

“Qayıdış” xalçasının təqdimat mərasimi bizim hər birimizi qeyri-ixtiyari olaraq, yaxın keçmişdə yaşadığımız həyəcanlı anlara qaytarır. Doqquz il əvvəl, elə bu günlərdə Azərbaycan xalqı öz tarixinin və taleyinin ən təlatümlü, bir yandan həyəcanlı, digər tərəfdən isə ümidlə dolu günlərini, anlarını yaşayırdı. Ölkəmizdə baş alıb gedən hərc-mərclik, vətəndaş müharibəsi həddinə çatmış qarşıdurma yenicə əldə edilmiş müstəqilliyimizi şübhə altına almışdı. Vəziyyətdən çıxış yolunu tapa bilməyən o zamankı rəhbərliyin görünməmiş səriştəsizliyi və iradəsizliyi insanlarda təlaş və qorxu sindromu yaratmışdı. Lakin xoşbəxtlikdən insanların ümid çırağını sönməyə qoymayan qüdrətli bir amil də mövcud idi. Bu, hər kəsin güvənc kimi baxdığı Heydər Əliyev amili idi. Bu, Azərbaycan vətəndaşlarının Qayıdışa və onun gətirəcəyi Qurtuluşa inamı idi. Bu, Azərbaycan xalqının Heydər Əliyevdə öz təcəssümünü tapan özünəinamı idi.

Tarix dəfələrlə şahidi olubdur ki, ümid və inam nə qədər nazilsə də, heç zaman qurumur. Bu dəfə də Azərbaycan xalqının inamı özünü doğrultdu və tariximizin yeni dövrünün əsasını qoyan Qayıdış reallığa çevrildi.

Bir neçə gündən sonra biz sizinlə bu tarixi anların ildönümünü dövlət bayramı kimi qeyd edəcəyik. İzn verin, Milli qurtuluş bayramı münasibətilə sizin hər birinizi, sizin simanızda bütün Azərbaycan xalqını təbrik etməklə yanaşı, onun müasir tarixini və müstəqil dövlətini yaratmış möhtərəm Prezidentimiz Heydər Əliyevə ən səmimi arzularımızı və hisslərimizi çatdıraq, ona möhkəm cansağlığı və uzun ömür arzulayaq.

Qayıdış və onun məntiqindən doğan Qurtuluş Azərbaycanın artıq tarixə çevrilmiş dünəni, yüksəlişdə olan bu günü, inam və ümid qayəli sabahıdır. Qayıdış hər birimizin qəlbindən düşüncəsinə, düşüncələrdən isə bu möhtəşəm sarayı bəzəyən əzəmətli xalçanın ilmələrinə köçmüş həyəcan, sevinç, inam və iftixar hissləridir. Bu hisslərdə dünən də var, bu gün də var, bu hisslərdə inamlı sabah da var. Bu hisslərdə Azərbaycanın Dədə Qorqudun müdrikliyindən, Babəkin qəhrəmanlığından, Şah İsmayıl Xətainin şücaətlərindən qaynaqlanmış tarixi təcəssüm olunubdur. Artıq 30 ildən çoxdur ki, bu tarixi yaratmağın ağırlığını Heydər Əliyev öz qüdrətli çiyinlərində inam və ləyaqətlə aparmaqdadır.

Əziz dostlar!

Öz kamilliyi və gözəlliyi ilə burada oturanların hər birinin qəlbini riqqətə gətirən “Qayıdış” xalçası, sözün həqiqi mənasında, Azərbaycan tarixinin ilmələrdə əks olunmuş salnaməsidir. Sənət əsəri kimi onun dəyəri haqqında, yəqin ki, mütəxəssislər öz nüfuzlu sözlərini deyəcəklər. Lakin bir həqiqət danılmazdır: kamilliyin təcəssümü və təcəssümün kamilliyindən yaranmış “Qayıdış” xalçası, sözün həqiqi mənasında, böyük hərflərlə yazılmağa layiq olan kamillik nümunəsidir.

Xalq tarixi yaradanları həmişə sənətin dili ilə vəsf edir. Azərbaycanın müasir tarixini yaradan Heydər Əliyev haqqında onlarla, yüzlərlə kitab, sənət əsərləri, xalçalar yaradılıbdır. İnanıram ki, Heydər Əliyev kamilliyinin kamil təcəssümü olan “Qayıdış” xalçası Azərbaycanın sənət tarixində, ümumiyyətlə, mədəniyyət tarixində layiqli, əbədi yer tuta biləcəkdir.

İzn verin, böyük sevgi və məhəbbətlə bu gözəl sənət əsərini yaradaraq, Heydər Əliyevin tarixi Qayıdışının ildönümü ərəfəsində Azərbaycan mədəniyyətinə təqdim etmiş kollektivi, ilk növbədə, bu kollektivin rəhbəri və xalçanın müəllifi Tahir Məcidovu təbrik edim, onlara yeni-yeni sənət uğurları arzulayım.

Bununla da “Qayıdış” xalçasının təqdimat mərasimini açıq elan edirəm. Çıxış üçün söz Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayevə verilir.

 

BAKI SLAVYAN UNİVERSİTETİNİN REKTORU, PROFESSOR KAMAL ABDULLAYEVİN ÇIXIŞI

-Hörmətli mərasim iştirakçıları!

Xanımlar və cənablar!

Bu möhtəşəm sənət əsərinə baxarkən, doğrudan da, insanın ürəyini çox hisslər bürüyür. Uzaq və yaxın keçmişimiz bir daha yada düşür. Çünki bu sənət əsərinin hər bir ilməsində keçmişimizin izi vardır.

Qədim yunan mifologiyasının qəhrəmanlarından biri olan Antey öz gücünü torpaqdan alırdı. Ölkəmizin Prezidenti Heydər Əliyev də bir daha sübut etdi ki, qədim yunan miflərinin qəhrəmanları və bu gün Azərbaycan həqiqətinin qəhrəmanı birləşə və güclərini yenə də Torpaqdan ala bilərlər.

Bu gün biz Qayıdışın fəlsəfəsindən, onun mənəvi-əxlaqi cəhətlərindən danışa bilərik. Qayıdışın konkret təzahür formalarından çox danışa bilərik. Həm də mənə elə gəlir ki, bu Qayıdış təkcə, yalnız və ancaq siyasi Qayıdış deyildir. Bu, ilk növbədə böyük bir xalqın, əsrlərin sınağından keçə-keçə, yavaş-yavaş, əzab-əziyyətlə, amma dönmədən öz məqsədinə doğru addımlayan xalqın özünün-özünə qayıdışı idi. Bu, təkcə siyasi Qayıdış deyil, hər şeydən öncə, mənəvi Qayıdışdır. Bu, dilimizin, ədəbi-mənəvi dəyərlərin özünəqayıdışı demək idi. Bir çox unudulmuş, yaddan çıxmış, yaxud hər hansı bir insanın, şəxsiyyətin istəyi ilə tarixdən kənarlaşdırılmış bir çox həqiqətlərin Qayıdışı idi. Nəhayət, bu, inamın Qayıdışı idi. Cəmiyyətin özünəinamının tətənəli Qayıdışı idi. Bu, səmimiyyətin, cəmiyyətdaxili münasibətlərin səmimi və sağlam inkişafının başlanğıcının və davam etdirilməsinin Qayıdışı idi. Bu, harmoniya və sistemliliyin Qayıdışı idi. Cəmiyyətdə anarxiyanın, xaosun hökm sürdüyü bir yerdə, uçurumun lap önündə gəlib dayandığımız bir anda yenidən harmoniyaya və sistemliliyə, düzümə, gözəlliyə, bütövlüyə, sabitliyə Qayıdış idi. Nəhayət, bu, böyük həqiqətin Qayıdışı, böyük həqiqətdən doğan mənəvi rahatlığın Qayıdışı idi. Bizim sözümüzü dünyaya çatdırmağımızın anı və zamanı gəlib çatmışdır. Bu, həmin böyük həqiqətimizi dünyaya deməyimizin Qayıdışı idi.

Hərdən mənə elə gəlir ki, biz tariximizdən, ədəbiyyatımızdan, mənəviyyatımızdan danışanda bəzən aludəçiliyə qapılır və hasısa faktları həddindən artıq qiymətləndirməyə çalışırıq. Bizə özümüzün layiq olduğumuz dəyərləri, “çəkimizi” qaytarmaq lazımdır. Bu Qayıdış, eyni zamanda, bizə öz real gücümüzü, mənəvi bütövlüyümüzü, çəkimizi dərk etmək Qayıdışıdır. 

Demokratiya arzularımız böyük idi. Amma hərdən bizə elə gəlirdi ki, sovet buxovlarını qırıb dərhal “süd gölü”nə düşəcəyik. Bizdə elə təsəvvürlər vardı ki, keçid dövrü adlandırdığımız dövr çox-çox uzaqlarda olan, naməlum, xaotik, bizə heç bir dəxli olmayan bir dövr idi və o, bizə heç bir tərəfdən “dəyə” bilməz. Müstəqilliyimiz haqqında anlayışlarımız qeyri-dəqiq idi. Bu Qayıdışın məqamları var idi. Təntənə məqamı var idi ki, bu, bütöv bir xalqın həsrətlə gözlədiyi məqam idi. Bu Qayıdışın acılı məqamı o idi ki, qoyub getdiyin adamları, vəziyyəti bəzən gəlib olduğu kimi görmürdün, bəzən nankorluqla, anlaşılmazlıqla üzləşirdin. Mənə belə gəlir ki, bu, həmin Qayıdışın acılı, məyuslu məqamı idi.

Nəhayət, bu Qayıdışın məsuliyyət məqamı vardı. Bu məsuliyyət hər şeyi - tarix və zaman, ölkə və millət qarşısında məsuliyyəti hiss edən böyük Şəxsiyyətin məsuliyyət dərki idi.

Bu möhtəşəm Qayıdışın fonunda mənim heç vaxt yadımdan çıxmayacaq bir Qayıdış məqamı var. Elə bilirəm ki, ölkəmiz öz Prezidenti ilə məhz bu zamanlarda daha da böyükləşir, bütövləşir. İndi deyəcəyim məqam bəzən yaddan çıxır, bəzən adama elə gəlir ki, bu, adi bir məqamdır. Bəlkə də bunu demək, qabartmaq da düzgün deyildir. Amma mən həmişə bunu deyirəm və bu, hisslərimi dərindən oynadan bir məqam kimi mənim yaddaşıma yazılıbdır. Mən zəlzələ gününü, bütün Bakı sakinlərinin evlərdən küçələrə töküldüyü günü yadınıza salmaq istəyirəm. Zəlzələdən 10-15 dəqiqə sonra Prezidentimiz iş yerinə qayıtdı, öz iş otağında idi. Bu da bir Qayıdış idi, Prezidentimizin xalqla birliyinin nümayişi idi.

Heç bir zəlzələnin proqnozunu dəqiq vermək mümkün deyildir, alimlər bunu yaxşı bilirlər. Zəlzələ hansı gücdə olacaqdı, nə qədər davam edəcəkdi, - bunu heç kim deyə bilməzdi. Bu anda xalqla bir yerdə olmaq, insanlara təskinlik vermək, ürəklərinə sərinlik gətirmək, - bu da böyük Şəxsiyyətin atdığı bir addım idi. Görürsünüzmü, möhtəşəm bir Qayıdışın çox incə məqamları var ki, biz bəzən onların mahiyyətinə varmağa, bəlkə də, çətinlik çəkirik. Bütün bunların fonunda səni sevən, sənə inanan, səni doğru yolla aparmağa çəhd edən böyük İnsan, böyük Şəxsiyyət var. Allah bu Qayıdışın sahibinə yar olsun!

MİLLİ ELMLƏR AKADEMİYASININ MEMARLIQ VƏ İNCƏSƏNƏT İNSTİTUTUNUN BAŞ ELMİ İŞÇİSİ KÜBRA ƏLİYEVANIN ÇIXIŞI

Dünya sivilizasiyasının yaranma mərkəzlərində olan xalqlar öz tarixlərini həmişə daş-qaya, gil lövhələr üzərinə yazmışlar. Azərbaycan xalqı isə öz tarixini təkcə qaya daşlarının, metalın üzərində deyil, eyni zamanda, xalçalar üzərində də yazmışdır. Azərbaycan xalçalarının naxışları ölkəmizdə hər kəsin doğulduğu gündən ömrünün sonuna qədər gözləri qarşısında olur. Xalqımızın dünyagörüşünü, dini və fəlsəfi baxışlarını əks etdirən bu naxışlar tariximiz barədə sadə və mürəkkəb bir yazıdır. Yəni bunlar petroqlifdir. Biz hamımız bunları oxumalıyıq.

Azərbaycanda xalçacılığın tarixi çox qədimdir. Hətta qədim Midiyada, Mannada xalçaçılığın təsviri sənətlə əlaqədar olan, yəni süjetli portret janrı geniş inkişaf etmişdi. Təsəvvürünüzə gətirin, o dövrlərdə hökmdarlar üçün böyük xalılar toxunurdu. Bunların üzərində təbiət təsvirləri və yaxud da hər hansı bir fəslin təsiviri öz əksini tapırdı. Lakin bununla bərabər, biz o dövrdə, eramızdan əvvəl 1-ci minillikdə hökmdarların portretləri toxunmuş, yaxud da süjetli böyük xalçalara rast gəlirik. Eramızdan əvvəl I-V əsrlərdə Xosrov Pərvizin portreti toxunmuş xalça, yaxud da onun oğlu Şuriyyənin tacqoyma mərasimini əks etdirən xalcalar haqqında məlumat var.

Ümumiyyətlə, Azərbaycan xalqı xalçaya bağlı xalqdır. Xalqımız hörmət bəslədiyi insanlara hədiyyələr edərkən xalçalara üstünlük verir. Hansı əsrlərdə olursa olsun, azərbaycanlılar dövlət, elm xadimlərinə və yaxud da qonaqlara həmişə xalça bağışlamışlar.

Bu gün sizə təqdim olunan “Qayıdış” xalçasının müəllifi də belə bir sənət əsəri üzərində uzun illər işləyərək, onu böyük rəhbərimizə hədiyyə olaraq hazırlamışdır. Mən nə demək istərdim? Ümumiyyətlə, Heydər Əliyevin böyük şəxsiyyət olması hamımıza məlumdur. Onun haqqında çox böyük təsviri sənət əsərləri yaranmışdır. Xalq rəssamı Kamil Əliyev, demək olar ki, Heydər Əliyev epopeyası yaratmışdır.

Mərhum Lətif Kərimovun rəhbərliyi altında bir çox rəssamlar indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində öz peşəkarlıq səviyyələrini artırmışlar. Orada istər portret, istərsə də miniatür və süjetli xalçaların əsaslarını öyrənmişlər. Çünki bunun üçün çox böyük bilik və bacarıq lazım idi. Xalça sənətinin özünəməxsus texnologiyasını bilmək, onun şərti dekorativ üslubunu öyrənmək, eyni zamanda, rəngkarlığı gözəl bilib, bu iki sənətin sintezini öyrənmək lazım idi. 19 il bundan əvvəl Tahir Məcidov da Lətif Kərimovun tələbəsi olmuşdur.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra xalqımızın başına gələn əhvalatlar hamının yadındadır. 1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi ki, azadlığımızı, müstəqilimizi qoruya bilək. Həmin Qayıdış rəssam Tahir Məcidovun da fikrində, xəyalında həmişəlik qalmışdır. Özünün dediyi kimi, o, doqquz ildir ki, bu xalçaya dair material toplayırdı. Heydər Əliyevin şəxsiyyətinə, onun intellektinə pərəstiş edən rəssam uzun illər eskizlər hazırlamışdır. Xalçaçı rəssam ilyarım bu sənət əsəri üzərində işləmişdir.

Gördüyünüz bu xalçada Heydər Əliyevin ayaq üstə məğrur portreti əsas yer tutur. Xalçada Binə hava limanında yerə enmiş təyyarədən düşən Heydər Əliyevin sehrli Pirəbədil xalçasının üzəri ilə addımlaması, - rəssam bunu uçan xalça kimi təsəvvür etmişdir, - İlanlıdağ, Naxçıvan və bu diyarın abidələri, naxçıvanlıların Heydər Əliyevi yola salması, bakılıların onu sevinclə qarşılaması təsvir olunmuşdur. Rəssam bu təsvirləri yaratmaqla Heydər Əliyevi daha yüksəklərə ucaltmışdır. Azərbaycan xalqı üçün onun nə dərəcədə gərəkli olduğunu, xalqımızın Heydər Əliyevi necə sevdiyini bu üsulla nümayiş etdirmək istəmişdir.

Rəssam tarixi şəxsiyyətlərimizi - Dədə Qorqudu, Babəki, Əcəmi Naxçıvanını, Şah İsmayıl Xətaini çox gözəl əks etdirə bilmişdir.

Xalçanın yuxarı hissəsində ölkəmizin dövlət rəmzləri - bayrağımız və gerbimiz, Quran ayələri verilmiş, Yeni Azərbaycan Partiyasının rəmzi təsvir olunmuşdur. Zənn edirəm ki, bu xalça Azərbaycanın sənət incilərinin ən dəyərlilərindən biri olacaqdır.

“AZƏRXALÇA” İSTEHSALAT BİRLİYİNİN BAŞ DİREKTORU, XALQ RƏSSAMI KAMİL ƏLİYEVİN ÇIXIŞI

-Əziz sənətsevərlər!

Bu gün biz belə gözəl bir sənət əsərinin təqdimatı münasibətilə yığışmışıq. Bunun böyük mənası var. Bu əsəri ya Tahir Məcidov, ya mən və yaxud başqa bir rəssam yaratmasının fərqi yoxdur. Əsas odur ki, bu əsər Azərbaycan xalçaçılıq məktəbinin məhsuludur. Azərbaycan xalçası dünyada birinci yeri tutur.

Vaxtilə Təbrizdə toxunmuş “Şeyx Səfi” xalısı Londondakı Viktoriya Albert muzeyində nümayiş etdirilir. Onun toxunmasına 1539-cu ildə başlanılıb, 1541-ci ildə bu sənət əsəri üzərində iş başa çatdırılıbdır. Dünyanın bütün sənətsevərləri Londonda olarkən bu xalçanı görməyə çan atırlar. Baxır və böyük həzz alırlar. Mən özüm bir ay o xalçaya baxmışam, onu öyrənmişəm. Elə bir xalçanı burada toxumaq mümkün olmadı. Çünki onun sahəsi 56 kvadratmetrdir. Elə xalçanı burada asmaq üçün münasib yer yoxdur. Məndən əvvəl də böyük xalçalar toxumaq istəyənlər üçün münasib yer olmamışdır. Vaxtilə Lətif Kərimovun başçılıq etdiyi briqada - İsmayıl Axundov, Kazım Kazımzadə - 70 kvadratmetr sahəsi olan böyük xalça toxumuşdu. O xalça bircə dəfə Moskvada nümayiş etdirildi, sonra onu asmağa yer tapılmadı. Sonra bu xalçanı Bakıya gətirdilər. Həmin sənət əsəri neçə illərdir ki, eləcə qalır. O dövrə qədər elə xalça toxunmamışdı, demək olar ki, dünyada ilk tematik süjetli xalça idi və Stalinin anadan olmasının 70 illiyində Moskvaya gələnlərin hamısını heyran etmişdi. Sonra da Leninə xalça həsr etdik. O, bir az da böyük oldu, sahəsi 80 kvadratmetr idi. Onu nümayiş etdirmək üçün yer tapmaq mümkün olmadı. Keçmiş Lenin muzeyinin foyesində asmışdılar. Xalcanın yarısı yerdə idi. Bir əsərin ki, yarısı divarda, digər hissəsi yerdədirsə, onu nəzərdən keçirmək, ona baxmaq qeyri-mümkündür.

Gördüyünüz bu xalça Azərbaycan xalçaçılıq məktəbinin son nailiyyətidir. Özü də bu, çox gözəl sənət əsəridir. Azərbaycanda xalçaçılığa dövlət qayğısının, münasibətinin nəticəsidir ki, gördüyünüz bu sənət əsəri bu gün hamını heyran edir. Gözəlliyi ondan ibarətdir ki, bu xalçada texniki toxunuş tam qaydasındadır. Belə xalçanı texniki qaydalara uyğun toxumaq çox vaxt və çoxlu əməliyyat tələb edir.

Mən müəlliflə çox danışmamışam. Amma bilirəm ki, toxunma prosesində xalça neçə dəfə sökülüb, yenidən toxunub və gəlib bu hala düşür. 3 metrdən çox uzunu və 2 metr eni olan xalçanın süjetinə gəldikdə, deməliyəm ki, bu sənət əsəri Heydər Əliyevə layiqdir. Prezidentimizin portreti istər xalçada toxunsun, istərsə ipək parça üzərində toxunsun, yaxud da kətan üzərində çəkilsin - onun gözəl siması həmişə xoş təsir bağışlayır. O cümlədən də bu gözəl xalça elə təsir bağışlayır. Doğrudan da, bu xalçadakı portretin cizgiləri əsərin yüksək sənətkarlıqla yaradıldığını göstərir. Xalçadakı kompozisiya da bu mövzuya uyğundur. Bu əsər Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunəsidir. Deməli, Azərbaycanda bizdən əvvəl bu sənəti yaşadanlar düzgün yol seçiblər. Ona görə də biz buna həm xalça kimi, həm də sənət əsəri kimi baxırıq.

Bizim xalçaçı qadınlar ornamentlər, naxışlar, müxtəlif güllər və sair toxuyurlar. İndi xalçaçılıq sənəti elə səviyyəyə çatıbdır ki, həmin ilmələrlə insanın daxili aləmi, psixologiyası verilir. Əlbəttə, bu çətindir. Hesab edirəm ki, bu xalça dünyada ən yaxşılardan biridir.

Mən rəssam Tahir Məcidovu və bütün xalqımızı təbrik edirəm ki, xalçaçı qızlarımızın vurduqları ilmələrlə belə gözəl sənət əsəri yaradılmışdır. Bu əsər tarix boyu qalacaqdır. “Şeyx Səfi” xalısı kimi, bu xalça da xalqımıza şöhrət gətirəcəkdir.

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN KAFEDRA MÜDİRİ OQTAY SULTANOVUN ÇIXIŞI

-Hörmətli mərasim iştirakçıları!

Bugünkü təqdimat əlamətdar hadisə ərəfəsində, möhtərəm Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışının 9-cu ildönümü - Milli qurtuluş günü ərəfəsində keçirilir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, istedadlı rəssam Tahir Məcidov tərəfindən hazırlanmış xalça ölkəmizin qədim tarixi ilə bugünü arasında dialektik vəhdət yaradan sənət əsəridir. Bu əsər 1993-cü ilin yayında, Azərbaycan torpaqlarının bir hissəsinin erməni qəsbkarları tərəfindən işğal edildiyi dövrdə, silahlı qarşıdurmanın tüğyan etdiyi vaxtda xalqın tələbi ilə hakimiyyətə dəvət olunan bir insanın fəaliyyətini ümumilləşdirmək istiqamətində sənətkarın göstərdiyi cəhddir.

Sənət əsərinə diqqət edərkən ilk baxışdan tamaşaçının nəzərini bunlar cəlb edir: fikir verirsinizsə, xalçanın ilk ilmələri Qobustan, Gəmiqaya təsvirlərindən başlayır. Portretinə müraciət eidiyi böyük insanın, qəhrəmanının belə bir qədim yurdun oğlu olduğuna işarə edir.

Qobustan qayalarından sol tərəfdə türkçülük üçün səciyyəvi olan at, bir qədər yuxarıda qoç totemlərini kompozisiyaya cəlb etməklə, müəllif burada müraciət etdiyi qəhrəmanın Azərbaycan xalqının övladı olmaqla bərabər, bütövlükdə türk dünyasının oğlu olmasına bir işarə edir. Azərbaycanın “qara qızılına” müasir məna verir, Qərblə Şərqin arasında tarazlaşdırılmış siyasət yeridən rəhbərin neft strategiyasının uzaqgörənliyini sübut etməyə çalışır.

Qəhrəmanının ulu Dədə Qorqudun vəsiyyətlərindən, Şah İsmayılın dövlət quruculuğu ənənələrindən qidalanmasına işarə edən müəllif Prezidentimizin türkçülük üçün, Azərbaycan xalqı üçün həyata keçirdiyi tədbirlərə işıq salır.

Əgər diqqətlə fikir versəniz, arxa planda dahi rəhbərin 1969-1982-ci illərdə respublikada tikib yaratdığı 250-dən çox müəssisə və obyektdən nümunələr göstərilmişdir. Zənnimcə, müəllif belə bir ideyanı vurğulamağa çalışmışdır ki, Heydər Əliyev məhz 1969-1982-ci illərdə böyük uzaqgörənliklə Azərbaycanın bugünkü potensialını yaratmışdır.

Çox maraqlıdır ki, rəhbərin portreti bayaq çıxış edənlərdən birinin uçan xalça kimi səciyyələndirdiyi Pirəbədil çeşnisi üzərində verilmişdir. Kamil müəllimin xatırlatdığı “Şeyx Səfi” xalısı kimi, Pirəbədil xalçası da dünyada çoxdan tanınır. Qəhrəmanını məhz belə bir xalçanın çeşnisi üzərində təsvir etməklə, zənnimizcə, müəllif həm Heydər Əliyevin Qayıdışını, həm də uğurlu gələcəyə aparan yolu tərənnüm edir.

Xalçada qala divarları çərçivəsində Gülüstan qalası, Möminə xatun türbəsi kimi abidələr verilmişdir. Fikrimizcə, müəllif burada qala divarlarını göstərməklə demək istəyir ki, Prezident Heydər Əliyev Azərbaycan xalqını daim müdafiə etməyə, qorumağa hazırdır, Azərbaycan torpaqları alınmazdır. Rəssam tamaşaçıya belə bir daxili inam təlqin edir ki, erməni qəsbkarlarının işğalı altında olan torpaqlarımız hökmən azad ediləcəkdir.

Hər bir tamaşaçı bu əsərə baxarkən, birinci növbədə, Azərbaycan mədəniyyətinin, xalçaçılıq sənətimizin böyüklüyünü dərk edir. Burada həm Quba-Şirvan, həm Gəncə-Qazax, həm də Təbriz xalçaçılıq məktəblərinin elementləri hiss olunur. Zənnimcə, müəllif bu elementlərdən istifadə etməklə, cənab Heydər Əliyevin Azərbaycanda yaratdığı mənəvi birliyə işarə edir, xalqımızı bu birliyi daha da möhkəmləndirməyə səsləyir. Hər bir azərbaycanlının özünü dərk etməsi üçün, daxili aləminə varması, qarşısındakı vəzifələri dərk etməsi üçün ona bir mənəvi düşüncə meydanı verir.

Çıxışımın sonunda bütün xalqımızın sevincini ifadə edərək, böyük Prezidentimizin dilindən gələn bir neçə kəlmə ilə sözlərimi bitirmək istəyirəm. O, çıxışlarının birində demişdir: “Mən zəhmətkeş bir ailədə anadan olmuşam. Güman ki, mən anadan olanda 3-5, uzağı 30-40 adam sevinirdi. Lakin təvazökarlıqdan uzaq da olsa, mən bu gün bunu deməliyəm. Məni anam bütün Azərbaycan üçün doğub”. Həqiqətən, Heydər Əliyevin doqquz il bundan əvvəlki Qayıdışına bütün Azərbaycan xalqı sevinir və onun həmin sözlərini həyat əməli surətdə təsdiq edir. Çox sağ olun.

 

X X X

RƏSSAMLAR İTTİFAQININ SƏDRİ FƏRHAD XƏLİLOVUN ÇIXIŞI

Hörmətli təqdimat mərasimi iştirakçıları!

Məlumdur ki, Azərbaycan təsviri sənətində son illərdə elə əsərlər meydana çıxmaqdadır ki, bu əsərlərdə həm xalçaçılıq sənətinin, həm də klassik mənada rəssamlıq sənətinin elementləri birləşir. Çoxəsrlik ənənəsi olan bu sənət sahələrinin ən yaxşı keyfiyyətlərini harmonik şəkildə bir arada birləşdirmək ustalıq tələb edir. Bu gün təqdimatı keçirilən “Qayıdış” xalçası məhz belə bir bacarığın, sənət ənənələrinə sədaqət göstərməyin nümunəsidir.

Xalçaçılıq dünya mədəniyyətini yüksəklərə qaldıran bir sənətdir, xalqımızın min illər boyu ən çox sevdiyi sənətdir. Azərbaycan xalçası, həqiqətən də xalqımızın fəlsəfə dünyasının ən dərin rəmzi ifadəsidir. Azərbaycan xalçası xalqımızın gözəlliyi necə anlamağı və yaratmağının yoludur. Burada “yol” sözünün işlədilməsi heç də təsadüfi deyil. Çünki xalqımızın qədim etiqadlarında xalça həqiqətən də “yol” anlayışı ilə əlaqələndirilmişdir. Xalça və yol arasındakı həmin bağlılıq əslində tariximizin dərinliklərindən - Qobustanın daş yaddaşından, Ulu Qorquddan, Babəkdən, Xətaidən... keçib gəlir. Bu gün təqdimatına toplaşdığımız xalçada da məhz əfsanəyə bənzəyən həmin keçmişin, həmin tarixi həqiqətin bir yol kimi obrazlı ifadəsini görürük.

Bu yol böyük yoldur, keşməkeşli, əzablı yoldur. Qayıdışla ağrı-acısının əzablarına son qoyulan bir yoldur və ona görə də “Qayıdış” tarixin odları-alovları içərisindən bir səməndər quşu kimi yenidən doğulan Azərbaycanın həqiqətən də odlar diyarı olduğunu bir rəmz kimi gözəl ifadə edir. Xalçada yüzilliklər boyu zamanının dalğaları arasında qalmasına baxmayaraq, yeni əsrə və yeni minilliyə özünün azad və müstəqil dövləti ilə qədəm qoyan doğma Azərbaycanın keçmişi, bu günü və gələcəyi rənglərin dili ilə təcəssümünü tapıbdır.

Bəzən deyirlər ki, nə keçmiş, nə də gələcək zaman var. Var olan sadəcə indiki zamandır. Bu, bir həqiqətdir ki, indinin özü də əslində keçmişi bütünlüklə özündə yaşadır. O, keçmişin bütün təcrübəsinin öz yekunudur. Keçmişin ayrı-ayrı çağlarını isə içəridən bir-birinə bağlayan qüvvə var. Həmin qüvvənin daşıyıcıları böyük şəxsiyyətlərdir. Tarixin ağır sınağına çəkilən zaman xalq bu şəxsiyyətlərin gücü ilə o ağır ittihamdan qurtula bilir. “Qayıdış” xalçası da xalqı ilə bütövləşərək, həyatını ona axıradək bağlayan və lider kimi xalqını dünyada tanıtdıran bir şəxsiyyətin ömür yolunun əksidir.

Bu əsər bizə bir daha belə bir həqiqəti xatırladır ki, xalqın tarixi taleyi təbii olaraq böyük şəxsiyyətlərlə bağlıdır. Böyük şəxsiyyətlər isə zamanın, tarixin və cəmiyyətin öz ehtiyacından yaranırlar.

Cəmiyyətdə birlik olanda böyük işlər görmək üçün daha geniş imkanlar yaranır.

Qədim dövrlərdən üzü bəri tariximizin ayrı-ayrı mərhələlərində Azərbaycanda çoxlu sayda dövlətlər qurulubdur. Bu isə xalqımızın daim istiqlal duyğusu ilə yaşadığını göstərir. Ulu əjdadlarımızdan bugünkü insanlarımıza qalan ən ali sərvət də məhz həmin istiqlal duyğusudur. Xalçadakı rəmzlərdən də göründüyü kimi bu, min illərlə ölçülən tariximizdə dövlətçiliyimizin qan yaddaşına hopan zəngin tarixi təcrübədən gəlir.

“Qayıdış” xalqımızın varlığında milli azadlıq ruhunun hər zaman yaşadığı həqiqəti tamaşaçıya aydın çatdırır. Rəmzlərin fonunda ucalan əzəmətli təsvir isə “Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir” sözlərini bir daha yada salır. Çünki Qayıdış həm də xalqın azadlıq ruhunda əsrlərdən bəri var olan dövlətçilik idealının təntənəsidir.

Hörmətli mərasim iştirakçıları!

Bu günə qədər təsviri sənətdə dövlətimizin başçısının şəxsiyyətini canlandıran çoxlu əsərlər yaradılıbdır. Onların içərisində böyük istedadla yaradılan əsərlər də az deyil. Lakin həqiqi sənət bununla kifayətlənə bilməz. Bir sənət adamı kimi arzu edirəm, yaradılan bütün əsərlərdə möhtərəm Prezidentimizin zəngin şəxsiyyəti sözün əsl mənasında özünün dərin və dolğun ifadəsini tapsın.

Diqqətinizə görə sağ olun.

X X X

MİLLİ MƏCLİSİN DEPUTATI RƏBİYYƏT ASLANOVANIN ÇIXIŞI

-Hörmətli görüş iştirakçıları!

Müasir dövrün maraqlı cəhətlərindən biri müasir inkişaf prosesində dövlətin və cəmiyyətin həyatında baş verən dəyişikliklərin əsl mahiyyətini anlamaq imkanımızın genişlənməsidir. Görünür, buna səbəb XX1 əsrdə siyasi reallıq hissinin daha da güclənməsidir. Bu gün qloballaşmaqda olan dünyamızda, yeni dünya mizanının formalaşdığı bir vəziyyətdə hadisələrin təzyiqi, təsiri altında qırılmamaq, məhv olmamaq üçün hər bir dövlət, xalq öz tarixində olan əsas məqamlara diqqət yetirməli, öz qüvvəsini səfərbər etməlidir. Məhz buna görə də biz Azərbaycan xalqının tarixində mühüm bir gün olan 15 iyun Qurtuluş gününü bayram edirik. Doğrudan da bu gün tarixdə və yaddaşımızda əbədiləşmək haqqı qazanmış bir gündür.

Burada olan insanların hər biri 1993-cü ilin 15 iyununu yaşamışdır. Ötən 10 il ərzində tariximizdə, həyatımızda baş verən hadisələrin, irəliyə doğru yüksəlişin şahidləriyik. Yadımıza salaq ki, on il bundan əvvəl ətrafımızda cərəyan edən hadisələrin sürəti o qədər güclü idi ki, bəzən o hadisələrin mahiyyətinə varmaq, onların məzmununu anlamaq bizim üçün çətin olurdu. Vaxt keçdi, zaman keçdi tarix öz sözünü dedi. Doğrudan da bu gün Allahın bizə verdiyi müqayisə bacarığı nəticəsində bu fərqi çox aydın, gözəl dərk edə bilirik.

1993-cü ilin 15 iyunu Azərbaycan xalqının fəlakətlərdən xilas olması, hər cür qarşıdurmaya son qoyulması, Azərbaycanda mövcud olan separatçılıq meyllərin aradan qaldırılması, siyasi naşılıqdan birdəfəlik qurtarması günüdür. 15 iyun xalqımızın milli tərəqqisinin göstəricisi olan Azərbaycan dövlətininin inkişafının yeni mərhələsidir. 15 iyun milli ruhumuzun, milli mənəviyyatımızın intibahı deməkdir. Bu elə bir gündür ki, həmin gündə vətəndaşla dövlət arasında yaranan münasibətlər sivil bir formada tənzimlənir.

Nəhayət, 15 iyun böyük bir şəxsiyyətin dühasının, zəkasının gücü ilə hadisələrin gedişinə nüfuz etmək bacarığının, ilin adi bir gününün dövlətin və xalqın tarixində həlledici bir məqama çevrildiyi bir gündür.

Bu gün Azərbaycanda baş verən hadisələr içərisində möhtərəm Prezidentimizin qəbul etdiyi qərarların müstəqilliyi və gələcəyə düzgün istiqamətləndiyi hər birimizə yaxşı məlumdur. Bu qərarlar içərisində iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıtmaq və bütün iğtişaşlara son qoymaq qərarı ən düzgün qərar idi. Məlum bir həqiqət var, deyirlər ki, siyasi liderin qəbul etdiyi qərarların doqquzunu mühit, zaman diktə edirsə, onuncusu insana fəhmlə verilir. Görünür, bu fəhmin nəticəsi idi ki, 15 iyunda möhtərəm Prezidentimiz yenidən hakimiyyətə qayıdıb Azərbaycan xalqının xilaskarına, ümidgahına çevrildi.

19-cu əsr rus filosoflarından biri deyib ki, tarix Nevski prospekti qədər rahat, hamar deyildir. Onun daşlı, kəsəkli yolları da var, enişləri, yoxuşları və sərt döngələri də var. Bu yollarda itmək də olar, bu yollarda çaşmaq da olar. Görünür, bu yollarda itməmək üçün, bu yollarda çaşmamaq üçün, xalqı irəli aparmaq üçün məhz Heydər Əliyev kimi bir şəxsiyyətin zəruriliyini tarix özü əvvəlcədən müəyyənləşdirmişdi.

Minilliklərlə hesablanan tariximizdə dəfələrlə parçalanmaq, qırılmaq təhlükəsi ilə rastlaşmışıq və çox yaxşı ki, tarix o anlarda da bizə çox böyük yardımçı olub, xalqımın, millətimin böyük oğulları Azərbaycanı bu çətin məqamlardan qurtarıblar.

Bu gün heyranlıqla seyr etdiyimiz bu xalçada təsvir edilən insanların hər biri həm nəzəri, həm də əməli hikmət sahibləri olub, xalqının çətin günlərində ona dayaq durmuşlar. Zamanın çağırışına səs verməyə qadir olan bu insanlar 7-ci əsrdə öz müdrik kəlamları ilə Azərbaycan xalqını mənəvi saflığa çağıran, vətənə məhəbbəti, insana məhəbbəti, haqqı, ədaləti təbliğ edən, insanın ən böyük daxili azadlığı olan sözün qüdrətilə türk olğlunun, Azərbaycan insanının mənəvi kodeksini cilalayan Dədə Qorquddur, 9-cu əsrdə hər cür əsarətə, zülm və ədalətsizliyə qarşı müharibə elan edən Babəkdir, 12-ci əsrdə Azərbaycan mədəniyyətini dünyaya tanıdan və Azərbaycan xalqının təkcə dünya mədəniyyətindən bəhrələnməyib, həm də onu sənət inciləri ilə zənginləşdirdiyini sübut edən dahi meəar Əcəmidir.

Nəhayət, Azərbaycan xalqının, dövlətinin tarixində ən mühüm dövr 16-cı əsrdə Şah İsmayıl Xətai böyük Azərbaycan dövləti yaratmış, Azərbaycan dili rəsmi dövlət dili elan olunmuşdur. Bu, böyük müstəqillik, azadlıq ideyalarının təməli idi. Lakin bu insanların arzuları çin olmadı. Görünür, bu arzuların gerçəkləşməsi üçün tarix məhz Heydər Əliyev şəxsiyyətini yetirməli idi.

Bu gün millətinin mənəviyyatının keşiyində Dədə Qorqud kimi dayanan, hər cür ədalətsizliyə qarşı Babək kimi sözünü deyən, öz həyatında “tikmədim özüm qalam, tikdim ki, izim qala” prinsipi ilə Əcəmi ənənələrini, böyük Şah İsmayıl Xətainin Azərbaycan dövlətçiliyi ənənələrini davam və inkişaf etdirən Heydər Əliyevin həyat amalı, prinsipi budur.

Möhtərəm Prezidentimizin titanik fəaliyyətinin miqyası insanı heyrətə gətirir. Torpaqlarımızın, ərazimizin bütövlüyünün qorunması, Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, insan hüquq və azadlıqlarının təmin olunduğu sivil cəmiyyətin formalaşması, mənəviyyatımızın, dilimizin saflığı, tarixi yaddaşımızın bərpa olunması, İqtisadi islahatların uğurlarının insanların maddi rifah halının yaxşılaşdırılmasına yönəldilməsi və s. - bütün bunlar möhtərəm Prezidentimizin ən böyük arzularıdır. Bu arzuların çin olması, reallaşması hər birimizdən asılıdır.

Bir şeyi də qeyd edim ki, ötən illər ərzində qazandığımız ən böyük uğur müstəqilliyin ifadəsindəki əsaslı dəyişiklikdir.

Əgər 1990-cı ildə, meydan hərəkatı zamanı müstəqillik Sovet-Rus imperiyasının məngənəsindən azad olmaq idisə, qazanılmış müstəqilliyin necə olacağı heç kəsə məlum deyildi və məlum ola da bilməzdi. Çünki həmin dövrdə siyasi hakimiyyətə gələn siyasi naşılar bu müstəqilliyin gələcək inkişafını düzgün istiqamətləndirə bilməzdilər. Məhz bunun məntiqi nəticəsi idi ki, 1991-1992-ci illərdə dövlətdə ən çətin, təlatümlü anlar başladı. Bu illərdə müstəqillik ifadəsinin məzmunundakı dəyişikliklər müxtəlif ölkələrlə hər cür əlaqələrin kəsilməsi, birtərəfli, ayrı-seçkilik prinsipinə əsaslanan xarici siyasət, ölkə daxilində insanlara qarşı ayrı-seçkilik münasibəti, milli azlıqların hüquqlarının pozulması, vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılması, ayrı-ayrı hərbi birləşmələrin müstəqilliyi, ölkənin parçalanması və ayrı-ayrı bölgələrdə separatçılıq meyllərinin güclənməsi ilə əlamətdardır. 1991-1992-ci illərdə müstəqilliyin əsas mahiyyəti bu idi.

Nəhayət, 1993-cü il tariximizə daxil oldu. Bu ildən başlanan proses müstəqilliyin mahiyyətinə, məzmununa dəyişkliklər gətirdi. Bu gün Azərbaycan xalqı üçün müstəqillik suveren dövlət olaraq Şərqə və Qərbə açılan dostluq qapılarıdır. Dünyanın bütün ölkələri ilə səmərəli əməkdaşlıq, iqtisadi, siyasi, mədəni əməkdaşlıqdır. Beynəlxalq məkana inteqrasiyadır. Beynəlxalq nüfuzlu təşkilatlara üzv olmaqdır. Öz varlığımızı, öz dilimizi, mədəniyyətimizi qoruyaraq, dünyanın digər ölkələrinə təqdim etməmizdir. Bu gün müstəqillik dünyanın ən nüfuzlu təşkilatları qarşısında Azərbaycan bayrağının dalğalanmasıdır. Müstəqillik budur.

Bu elə bir zamandır ki, burada hər bir fərdin vətəndaşa çevrilməsi prosesi gedir. Mənə elə gəlir kİ, on il ərzində qazandığımız ən böyük nailiyyət müstəqilliyin mahiyyətini anlamağımızdır. Bir cəhəti də qeyd edim ki, Azərbaycançılıq ideyası məhz müstəqillik ideyasının məntiqi davamı kimi yarandı. Bu gün Azərbaycançılıq ideyası bir ideologiyaya çevrilibdir və bu, təkcə Azərbaycan vətəndaşlarının mənafelərini, maraqlarını deyil, həm də dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların maraqlarının müdafiəsidir. Azərbaycançılıq ideyası, həm də Azərbaycanda yaşayan digər xalqların, milli azlıqların, etnik qrupların azadlıq və hüquqlarının beynəlxalq standartlara uyğun qorunması deməkdir. Onların milli özgürlüyünün inkişaf etdirilməsinə çalışmaq deməkdir.

Sözsüz ki, Azərbaycanı yeni inkişaf mərhələləri, yüksəlişlər gözləyir. Bu, belə də olacaqdır. Çünki onun Heydər Əliyev kimi bir rəhbəri var. Deyirlər, böyük ürəklərin yaşamaq və yaratmaq eşqi, məhəbbəti də güclü olur. Biz möhtərəm Prezidentimizin bütün fəaliyyətində bu böyük məhəbbəti görürük. El məhəbbəti ilə yaşayan insanlarıda xalq eyni məhəbbətlə sevir.

Mən bir neçə gün əvvəl bu saraya gələndə bu gözəl xalçanın müəllifi ilə tanış oldum, xalçaya diqqət yetirdim. Həmin anda qəlbimdə qəribə bir kədər duydum. Doğrudan da, bu gün Londondakı muzeydə böyük bir xalçamız asılıbdır. Ancaq bu xalça nisgilli, qərib ömrü yaşayır. Fikirləşdim ki, bu gözəl xalçanın qərib yaşamaması üçün biz Azərbaycanın müstəqilliyini göz bəbəyimiz kimi qorumalıyıq.

X X X

 

X X X

AZƏRBAYCAN XALÇASI VƏ XALQ TƏTBİQİ SƏNƏTİ DÖVLƏT MUZEYİNİN DİREKTORU RÖYA TAĞIYEVANIN ÇIXIŞI

Hörmətli xanımlar və cənablar!

Heydər Əliyevin Azərbaycana qayıdışı respublikamızın həyatında əlamətdar bir hadisəyə çevrilmişdir. Heydər Əliyev türk dünyasında adları həmişə böyük məhəbbətlə çəkilən şəxsiyyətlərdən biridir. Heydər Əliyev türk dünyasının çiçəklənməsi və birliyi üçün böyük əzmkarlıq göstərir.

Əgər Qobustan qaya rəsmləri bizim tariximizin qədimliyinin, Dədə Qorqud boyları xalqımızın qəhrəmanlıq və müdrikliyinin, Babək xalqımızın yenilməzliyinin, Şah İsmayıl Xətai zəka və birliyimizin, Əcəmi mədəniyyət və incəsənətimizin təcəssümü idisə, müasir dövrdə bu şəxsiyyətlərin davamçısı məhz Heydər Əliyevdir. Çünki Heydər Əliyev də tikib, qurub, mədəniyyət və incəsənətimizin çiçəklənməsinə daim qayğı göstəribdir.

Heydər Əliyev yalnız xalqının gələcəyini düşünərək Azərbaycanın parçalanmasının qarşısını almaq üçün yenidən hakimiyyətə qayıtdı. Buna görə də xalq Heydər Əliyevin ətrafında sıx birləşdi, sevimli rəhbərini qorudu.

Görkəmli rəhbərimizin obrazı Tahir Məcidovun “Qayıdış” xalçasında öz əksini tapmışdır.

Azərbaycan xalqı ülvi gözəlliyi əsrlər boyu yaşatmış, onu zaman-zaman və dərin müdrikliklə xalçalarda əks etdirmişdir. Xalçaların məzmununda dünya və onun yaranışı dərin lirizmlə verilmişdir. Naxışlarda xalqın həyat eşqi, hiss və həyəcanları, dünyabaxışı, adət və inamları öz əksini tapmışdır.

Tahir Məcidovun təqdim olunan xalçası da bu ənənəyə sadiqdir. Mürəkkəb naxışlarla işlənmiş kompozisiyanın dekorativ təsvirinə, həmçinin toxunuşuna görə bu xalça çox qədim ənənələri özündə əks etdirir.

Bütünlükdə bu xalçanın kompozisiyası XVI əsr Azərbaycan xalçaçılıq ənənələrinin davamıdır. Süjetin ideyasının əsası milli ənənələrlə uzlaşır. Belə ki, kompozisiyanın mərkəzi məna etibarı ilə çox vacib sayılmış, onun bütün obrazlarının isə yerləşməsi düşünülmüş və ehkam kimi verilmişdir.

Qədim incəsənətin üslub və ideya məzmununa müraciət kompozisiya planının böyüklüyünü və kamilliyini nəzərə çatdırır. Kompozisiyanın baş planında rəssam klassik xalçaların modellərini izləyir və bu da xalçaya struktur böyüklüyü verir. Mərkəzdə rəhbərimizin əzəmətli və fəaliyyəti ilə əlaqəli olan çox mənalı portreti verilir.

Rəssam böyük ustalıqla çox fiqurlu, müxtəlif süjetli kompozisiya yaratmışdır. Bu süjetlər Azərbaycan xalqının həmin illər ərzində xalq təsərrüfatının bütün sahələrində, elm, mədəniyyət və incəsənət sahələrində əldə etdiyi böyük nailiyyətlərlə bağlıdır. Xalçanın bütün quruluşu yalnız bir ideyaya - ümumi mənada Heydər Əliyev dühasının təntənəsinə həsr edilmişdir. Uğurlu kompozisiya bu ideyanın emosional səslənməsinə səbəb olmuşdur. Kompozisiya özünün vəhdətliyi və hormonik quruluşu ilə də dəyərlidir.

Mərkəzi obraz inamlı hərəkətlə yüngülləşdirilmişdir, lakin onun yerləşdirilməsi, vacib böyüklüyü, öz növbəsində sərbəstliyi təmin edir, əsas portretə canlılıq verir.

Rəssam böyük ilham və kamilliklə işləyərək əsas portretin qabarıq planda verilməsinə şərait yaratmışdır. Təsvirdəki gözəl hərəkətlə irəliləyiş yüksək ponaram yaradır. Əsas obrazın hərəkətində həyəcan və enerji hiss edilir. Bu isə xalçanın ən böyük ideyalara cavab verməsini təmin edir.

Rəssam güclü, ifadəli cizgilərlə obrazı monumentallaşdırır, onun gizli gücünü açaraq qəhrəmanlıq keyfiyyətlərini ön plana çəkir. Obrazın həqiqi verilməsi burada təmiz dekorativ düşüncə forması, kompozisiya quruluşu, ənənəvi kolorit və texniki üslubla uyğunluq təşkil edir. Əsas ideya, xalçanın dekorativ gücünü yüksəldir. Əlavə motivlər bir-biri ilə böyük ustalıqla ritminə, rənginə görə birləşir. Cizgilərin yerləşmə qaydası tədricən diqqəti mərkəzi obraza çəkir ki, bu çox təbii və cazibəli görünür. Bütün bunlar isə böyük haşiyə ilə uyğunlaşdırılaraq əsas ideyanı daha da gücləndirir. Haşiyənin güclü ritmi xalçanın əsas effektini təyin edir, ona xüsusi təntənəlik verir. Kompozisiyanın gözəlliyinə kamil kolorit gözəlliyi də əlavə olunur. Burada rənglər qırılmaz ardıcıllıq və təyinatı ilə işlənmişdir.

Təmiz və əlvan rənglər, gözəl və insanı ehtizaza gətirən cizgilər zərif, mürəkkəb ritmlər simfonik yüksəkliyə qalxaraq bizə xoşbəxtlik əhval-ruhiyyəsi bəxş edir. Bütün bunlar elə dərin düşüncə yaradır ki, biz bu sujeti həqiqəti dərk edən kimi qəbul edirik.

Qüsursuz forma və toxuculuq məharəti, ideya və onun həyata keçirilməsi əsrlər boyunca yaranmışdır. Bu xalça böyük ənənəyə əsaslanır və bizi bu janrın çiçəklənməsi dövrünə XVI əsrə, klassik və ya qəbul edildiyi kimi Azərbaycan incəsənətinin qızıl dövrünə aparır. Qızıl dövr əlvan bədii miniatür rəssamlığının xalçaçılıq ənənələri ilə qovuşması dövrüdür.

İncənətdə ümumdünya amili təbii və estetik mədəniyyətin ifadəsidir. Bu amili Azərbaycan xalçaları yaratdı. Azərbaycan xalçaları müstəsna dərəcədə kamilliklə, xalqın dünyanı estetik və dərindən dərk etməsi ilə bağlı idi.

Bu gün dünya XV-XVII əsrlərdə toxunmuş üç min ədəd nadir xalça ilə fəxr edir. Görkəmli Amerika sənətşünası Artur Pop onları “böyük xalçalar” adlandırmışdır.

Təqdirəlayiq haldır ki, xalçaçılıqda bu kamilliyi A.Pop Azərbaycanla bağlayır. O, Azərbaycanın gözəl təbii şəraitə malik olduğunu qeyd edərək, bu regionda sivilizasiyanın başqa yerlərdən çox qabaq yarandığını yazmışdır.

Mənbələrin məlumatına görə XVI əsrin başlanğıcında bu sənət Azərbaycanda, şübhəsiz gözəl sənət statusu qazanmışdır. Ola bilsin ki, həmin yüksək statusa birinci olaraq Şərqdə Azərbaycan malik olmuşdur. Azərbaycan xalçaları haqqında dünyada bu cür fikirlər uzun müddət qalmışdır və bunun təsdiqi kimi bu gün də milli xalça sənətimizə yeni, çox dəyərli nümunə daxil olur. Bu, “Qayıdış” xalçasıdır. Bu xalça, heç şübhəsiz əbədi yaşayacaq, xalqımızın tarixini, onun liderinin obrazını əbədi əks etdirəcəkdir.

X X X

MİLLİ MƏCLİSİN DEPUTATI RƏFAEL HÜSEYNOVUN ÇIXIŞI

-Hörmətli dostlar, xanımlar və cənablar!

Bu cazibədar xalça nə birincisidir, nə də sonuncusu. Əsrlər boyu çox gözəl xalçalar yaranıbdır və bundan sonra da yaranacaqdır. Amma mənim nəzərimdə indiyədək yaranmış və bundan sonra yarana biləcək bütün xalçaların ən gözəli Azərbaycan dediyimiz məmləkətdir. Taleyin, vaxtın qisməti ilə 30 ildən çox müddətdə bu xalçaya ən həlledici ilmələri vurmaq cənab Heydər Əliyevin taleyinə, bəxtinə düşüb. Xalçaların zahirdən görünən və görünməyən gözəllikləri və məziyyətləri var. Xalçaya baxanda hər şeyin aydın olduğu görünür. Dərindən seyr etdikcə, görürsən yox, hər görünən ilmələrin arxasında daha böyük mənalar var. Heydər Əliyev də, zahirən, hər bir insan üçün aydındır. Amma onun daxili zənginliyi və nəhəngliyi insanların gözündə dönə-dönə düşünməli şəxsiyyət kimi canlanır.

Hər xalçaçı çox xalçalar yaradır. Amma Azərbaycan xalçasını yaratmaq asan deyil. Xalça həm qədimdir, həm də çox müasirdir. Ona görə qədimdir ki, xalçada xalqımızın ənənələri yaşayır. Ona görə müasirdir ki, xalçada yeni dövrün mahiyyəti əksini tapır. Bu xalçaya nəzər yetirərkən 17-19-cu yüz illərdə Azərbaycanda və Şərqdə dəb olmuş bir xalça yada düşür. İlin dörd fəslini əks etdirən xalçalar geniş yayılmışdı. Bugünkü xalça məhz həmin ənənələri davam etdirir. Bu xalçanın üzərində yazılmış “Qayıdış” sözü bəzək kimi yox, xalçanın ünvanını göstərən bir söz kimi verilibdir və bu söz insanı çox düşündürür.

Azərbaycan dilində qayıdış sözünü tək adama da aid edirik. Dilimizin sözlərini yaratmış atalarımız başqa bir kəlam da işlədiblər ki, yanlış da bir naxışdır. Heydər Əliyev kimi böyük şəxsiyyətlərə münasibətdə bu qayıdış sözünün böyük mənası var. Çünki Heydər Əliyevə sadəcə bir zəka sahibi, Azərbaycanın dövlətçilik, siyasət, diplomatiya mədəniyyətini, tarixin dərinliklərindən gələn vərdişləri daşıyan bir fərd kimi baxmaq, yanaşmaq olmaz. O, varlığında yalnız bir tərcümeyi hal yaşamış insan deyildir.

Bu xalçada dörd fəsil əvəzinə, dörd sima verilib. Məhz bunlar Heydər Əliyevin şəxsiyyətində və əməlində təzahür edən insanlardır. Bu insanlar təsadüfən seçilməyiblər. Bunlar milləti millət edən insanlardır. Əgər yaz, yay, payız, qış ili, zamanı zaman edirsə, bu insanlar da milləti millət edir, onu formalaşdırır.

Babək tariximizdə mərdliyin, cəsurluğun, qətiyyətin timsalı kimi qalıbdır. 21 il mübarizə aparmış bir insandır. Azərbaycanın torpaq bütövlüyü, azadlığı uğrunda canını fəda etmiş bir insandır. Elan etmişdilər ki, onu asacaqlar. Xilafə tarixçiləri ona olan bütün nifrətlərinə baxmayaraq, bu insanın ölüm qabağı bütün mərdliklərini yazılarında etiraf etmişlər.

Bütün bunlara baxmayaraq, Babəkin dediyi bir söz bu anda mənə doğma gəlir. Söyləmişdi ki, “Babəkin dastanı nə Babəklə başlanır, nə də Babəklə bitəcəkdir”. Bəli, Babəkin dastanı - torpaq, istiqlal, dövlətçilik uğrunda mübarizə Babəklə başlanmayıb, ondan əvvəl başlayıb və yüz illərdir davam edir. Biz bu gün məhz Heydər Əliyevin şəxsiyyətində həmin ənənənin, qətiyyətin, mərdliyin davamını görürük.

Xalçanın üzərində Əcəmi Naxçıvaninin surəti vardır. Bu, təsadüfi deyildir. 1216-cı ildə Təbrizdə bir risalə yaranıbdır. Həmin risalədə Əcəmi Naxçıvani mühəndislər başçısı kimi təqdim olunur. Əcəmi Naxçıvaninin yaratdığı Möminə Xatun türbəsi möhtəşəm əsərlərdən biridir. O türbənin üzərində ərəbcə yazılmış belə cümlələr var: “Biz gedəcəyik, dünya duracaq. Biz gedəcəyik, bu, yadigar qalacaq”. Məhz Heydər Əliyev də memar, qurucu babalar kimi bu tarixdə iz qoymuş bir insandır. Bu xalça boyu Heydər Əliyevin yaratdığı əsərlər vardır. Bəli, hər bir dövlət başçısının zamanında tikililər, abidələr, məqbərələr yaranır. Doğrudur, amma Heydər Əliyevin tərcümeyi-halını izlədikcə görürəm ki, başqa dövlət rəhbərlərindən heç biri öz dövründə yaranan abidələrin müəllifi olmayıblar. Amma Heydər Əliyev bütün yaratdıqlarının müəllifidir. Onların arasında bu tədbiri keçirdiyimiz “Gülüstan” sarayı və Cavid məqbərəsi də vardır. Bunların özü Heydər Əliyev quruculuğunun fəlsəfəsini ifadə edir.

1941-ci il dekabrın 5-də Sibirə göndərilmiş Hüseyn Cavidin məzarını ilk dəfə Azərbaycana gətirmək qətiyyəti və cəsarəti Heydər Əliyevin qismətidir. 1996-cı ilin noyabrında Cavidi, xanımı Müşkünazı, oğlu Toğrulu bir məqbərədə qovuşdurmaq və Naxçıvanda Azərbaycanın ən uca sərhəd dirəyi kimi Cavid məqbərəsini ucaltmaq cənab Heydər Əliyevin böyük xidmətlərindən biridir. Heydər Əliyevin Azərbaycan milləti, dövlətçiliyi tarixində ən böyük xidməti məhz yaratmaq missiyasını yerinə yetirməsidir.

Bu xalçanın üzərində Şah İsmayıl Xətainin surəti var. Bu da təsadüfən seçilməyib. Xətai sərkərdəliyindən, dövlət xadimliyindən başqa, həm də şair idi. O, Şeyx Heydərin oğlu idi. Şeyx Səfinin nəvəsi idi. O, təriqətçi olsa da, təriqətçi dövlət qurmadı. Mənsub olduğu dini, təriqətçiliyi bilavasitə dövlətçiliyin inkişafına yönəltdi.

Heydər Əliyev gənclik illərində, yeniyetməlik çağlarında məktəb səhnəsində tamaşalarda rollar oynayırdı. O istedad ki, onda var idi və bu sənətin dalınca getsəydi təbii ki, böyük səhnə xadimi olardı. İstedadlı insan hansı sahəyə gedirsə, orada parlaya bilər. O, bunun ardınca yox, siyasət səhnəsində, dünya siyasəti səhnəsində ən aparıcı rolların birinin sahibi, icraçısı oldu. Memarlıq sənətini oxudu, ancaq bunun arxasınca getsəydi, əlbəttə çox böyük memar olardı. Azərbaycan dövlətinin çağdaş zamandakı müstəqilliyinin qurucusu, memarı oldu. O, görəcəyi hər bir işin layihəsini əvvəlcədən beynində hazırlayır. Ona görə səhv etmir.

 

Möhtərəm Prezidentimiz tarixçilik oxuyub və yaxşı tarix müəllimi, tarixçi alim ola bilərdi. Onun istedadı bu sahədə də parlaya bilərdi. O, tarixçiliyin ardınca getmədi, Azərbaycan tarixinin aparıcı simalarından birinə çevrildi, çağdaş Azərbaycan tarixinin qurucularından oldu.

15-16-cı əsrlərdə Şərq miniatür və xalça sənətinə, yəni Təbriz miniatür sənətində, Azərbaycan xalçalarında, Hindistan, Çin xalçalarında effektliyi, oradakı təsvirləri görürük. Məhz bu xalçada da həmin effektlik, təsvirlər var. Qəribədir ki, səkkiz guşəli ulduzun içərisində yerləşmiş Dədə Qorqud sığmazlıq sindromuna uğramayıb, çərçivənin tam içindədir.

Vaxtilə cənab Prezidentimizin xarici səfərlərinin birində mən də iştirak etmişdim. Görüşlər vaxtında baş tutmurdu. Bunu çatdırmaq üçün Prezident Heydər Əliyev zarafatla onlara dedi ki, mən intizamlı adamam. Bəli, intizamlı adamdır, bütün ömrü boyu işlədiyi sahələrdə elə olubdur.

Bu xalçada Dədə Qorqudun da təsviri var. Ümumiyyətlə, dediklərinin xalq tərəfindən həqiqət kimi qəbul olunması üçün gərək sənin bir miqyasın ola və sən kimliyini sübut edəsən. Mən Prezident Heydər Əliyevi xarici ölkələrə səfərlərində müşahidə etmişəm və bir azərbaycanlı kimi iftixar duymuşam.

1997-ci ildə Böyük Britaniyaya səfəri xatırlayıram. Orada böyük bir konfrans salonu var idi. Prezidentimiz Ermənistan-Azərbaycan münaqişəsi haqqında 45 dəqiqə çıxış etdi. Orada iştirak edənlərin hamısı böyük alimlər, siyasətçilər idi. 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının 50 illik yubileyi zamanı orada iqtisadi toplantı keçirilirdi. Orada Azərbaycanın iqtisadi vəziyyəti, Azərbaycan və dünya iqtisadiyyatı mövzusunda çıxış etdi. Belə toplantılarda çıxış edənlərə, adətən, sonda əl çalırlar. Amma mən Prezidentimizə deyilən xoş sözlərdən iftixar hissi duymuşam ki, mənim həmyerlim, mənim soydaşım millətini bu cür ləyaqətlə təmsil edə bilir. Millətin qarşısında gedə bilmək, millətə öndər ola bilmək üçün gərək insanın daxili haqqı ola.

Bu xalçanın üzərində Prezident Heydər Əliyevin söylədiyi iki cümlə də var: “Müstəqilliyimiz dönməzdir, sarsılmazdır, əbədidir” və “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram”. Mən yenə də İngiltərə səfərini xatırlayıram. Möhtərəm Prezidentimiz Böyük Britaniyada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşəndə çox sözlər dedi. Dediyi kəlamlardan biri bu idi ki, bu gün bizim əsas amalımız, ali idealımız azərbaycançılıq olmalıdır. Bu ideal bizə Azərbaycanın içərisində də, Azərbaycanın xaricində də lazımdır.

Ümumiyyətlə, bir çox beynəlxalq toplantıllarda, keçirilən görüşlərdə tanınmış insanlar etiraf edərək deyirlər ki, biz Azərbaycanın gələcəyindən arxayınıq. Çünki Azərbaycanın bir dəfə ucalmış, amma endirilmiş, yenidən yüksəlmiş üçrəngli bayrağı Heydər Əliyev kimi müstəsna bir dövlət adamının müqtədir əllərindədir.

X X X

Hörmətli dostlar!

Dədə Qorqudun müqəddəs kitabından bizə alxışlar, dualar gəlib çatıbdır. O dualardan, alxışlardan bu günkü tədbirdə demək istəyirəm. Dədə Qorqud alxış edirdi ki, üç otuz on yaşınız olsun, yəni yüz yaşına çatasınız. Onun bir başqa alxışı var idi ki, haqq sizə yaman yetirməsin. Digər alxışında isə deyir ki, dövlətimiz paydar yaşasın. Bu gün atamız Qorqudun müqəddəs kitabındakı bu alxışları dilə gətirirəm və bu alxışları bu xalçanın qəhrəmanı Azərbaycan Prezidenti Heydər Əliyevə, bu gözəl sənət əsərini toxumuş istedadlı insanlara, yönəldirəm. Bu əsərin hər bir azərbaycanlının vicdanında, ruhunda və düşüncəsində daim yaşamasını arzulayıram.

Dövlətimiz, istiqlalımız, mənəviyyatımızın gücü əbədi olsun.

X X X

“QAYIDIŞ” XALÇASININ MÜƏLLİFİ TAHİR MƏCİDOVUN ÇIXIŞI

-Hörmətli, əziz qonaqlar!

Əziyyət çəkib bu xalçanın təqdimatına gəldiyinizə görə sizə çox sağ olun deyirəm.

Çıxış edənlər bu xalça haqqında çox sözlər dedilər. Bu xalça mənim cənab Heydər Əliyevə olan sevgimdən yaranıbdır. Ona görə ki, möhtərəm Prezidentimiz Azərbaycana qayıtmaqla ölkəmizi parçalanmadan xilas etdi. Əgər bu qayıdış olmasaydı, Azərbaycanda çox hadisələr baş verərdi. Mən çox həyəcanlı olduğum üçün sizdən üzr istəyirəm. Mən sözümü bu xalça vasitəsilə demişəm. Ona görə çox danışmağa ehtiyac yoxdur.

Çox sağ olun, təşəkkür edirəm.

X X X

Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər təqdimat mərasimində iştirak edirdilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Bayram Salamovun sərgisi açılacaq

Rusiya aviaşirkəti Minvodıdan Gəncəyə həftəlik reys açır

Praqada NATO-ya üzv dövlətlərin XİN başçılarının ikigünlük sammiti keçirilir

UNESCO-nun mənzil-qərargahında Bakının ev sahibliyi edəcəyi COP29 konfransından danışılıb

Antoni Blinken və Hakan Fidan Qafqazda sülh imkanlarını müzakirə ediblər

Neftçalada elmi- praktiki konfransda ekoloji məsələlər müzakirə olunub

Şimali Kiprin nümayəndə heyəti Mərkəzi Elmi Kitabxananı ziyarət edib

“Günəş kimi parlayan uşaqlar” podiuma çıxıblar

Bakı Musiqi Akademiyasında simfonik orkestrin konserti keçirilib

İsa Həbibbəyli Nobel mükafatı laureatı Əziz Sancarla görüşüb

Nobel mükafatçısı Aziz Sancar Azərbaycana gəlib

Fransız Polineziyası nümayəndə heyətinin iştirakı ilə Milli Məclisdə mətbuat konfransı keçirilib VİDEO

Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib

“Gənc arıçı” layihəsinin təlim mərhələsinə start verilib

Azərbaycan səfiri Rusiya xarici işlər nazirinin müavini ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Gürcüstan MSK qərarları sadə səs çoxluğu ilə qəbul edə biləcək

Reyçel Avraam: Beynəlxalq ictimaiyyət Ermənistana sanksiyalar tətbiq etməlidir

Hərbi İdarəetmə İnstitutunun təkmilləşdirmə kursunun növbəti buraxılışı olub

Lüksemburqda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Belçika-Azərbaycan Ticarət Palatasının təsis edilməsi təşəbbüsü irəli sürülüb

ADNSU-da “Səhnəarxası görüşlər” kitabının təqdimatı olub

“Tik-Tok”da xanımların fotolarını yayan şəxsi polis saxlayıb

Ölkə ərazisində küləyin sürəti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib

Azərbaycanın xarici işlər naziri Pakistanın Baş naziri ilə görüşüb

Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda konfrans keçirilib - YENİLƏNİB-2

Azərbaycan azad edilmiş torpaqların dirçəliş modeli ilə də dünyanın diqqətindədir ŞƏRH

® “Unibank” təmir-tikinti işləri ilə bağlı tender keçirir

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahdan

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

KOBİA: Azad edilmiş ərazilərdə biznes qurmaq üçün xaricdən olan müraciətlərin sayı 500-ü ötüb

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfidən

Türkiyənin əmək və sosial müdafiə naziri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Elm-təhsil sahəsində Azərbaycan-Şimali Kipr əməkdaşlığının perspektivləri müzakirə olunub

Barselonada Azərbaycanın Müstəqillik Günü və Rəsulzadənin 140 illik yubileyi qeyd olunub

Tacikistanda Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edilir

Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markosdan

Türkiyənin əmək və sosial müdafiə naziri 1 saylı DOST Mərkəzi ilə tanış olub

Dövlət hesabına təhsil alacaq tələbələrin əhatə dairəsi genişləndirilir

“Avro-2024”: Danimarka millisinin heyəti açıqlanıb

İrlandiyanın Prezidenti Maykl Higginsdən

Kanadanın General-Qubernatoru Meri Saymondan

ADAU-da 16-cı Karyera sərgisi: 100-dən çox şirkət, 1000-dən çox vakansiya

Beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Zəngilanın Ağalı kəndində olublar

Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu başlanıb

Tədris digər dillərdə aparılan I siniflərə qəbul üçün müsahibələr yekunlaşıb

Azərbaycanda keçirilən beynəlxalq minatəmizləmə konfransı İordaniya mətbuatının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciəti Gürcüstan mətbuatında

Muxtar respublika Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib və bir sıra qərarları ləğv olunub

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

Qlazqo Universitetində keçirilən “UNESCO-nun Yay məktəbi”ndə Azərbaycan mədəniyyəti təbliğ edilib

Bakıda beynəlxalq üzgüçülük yarışı keçiriləcək

® “AccessBank” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına dəstək olub

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayedən

Füzulidə “Böyük Qayıdışın İstedadları” layihəsi çərçivəsində tədbir təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı təşkil olunacaq

Fransız Polineziyasının nümayəndə heyətinin rəhbəri Azərbaycana səfərini əlamətdar adlandırıb

Polineziya nümayəndə heyətinin rəhbəri: Azərbaycanın təcrübəsi bizim üçün xüsusi önəm daşıyır

Tacikistanda Müstəqillik Günü qeyd olunub, COP29-un təqdimatı keçirilib

Azərbaycan Cüdo Federasiyası yeni layihəyə start verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakı Ali Neft Məktəbində Elmi şuranın iclası keçirilib

Oğuz və Qəbələ rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2001-ci il 29 iyul tarixli 9-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə İzahat”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Coğrafiyaçı alimlər demoqrafiya mövzusuna həsr olunmuş beynəlxalq forumda çıxış ediblər

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda və 2007-ci il 23 oktyabr tarixli 14-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əlavə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Sumqayıtda yol hərəkəti qaydalarını pozan velosipedçilər və avtomobili narkotiklərin təsiri altında idarə edən sürücü aşkarlanıb VİDEO

İspaniyanın Donastiya Beynəlxalq Fizika Mərkəzinin professoru BDU-da elmi seminar keçirib

KOBİA nümayəndələri Vyetnamda əməkdaşlığa dair bir sıra sənədlər imzalayıblar

Maurea Tuaiahutapu: Bakı konfransında Azərbaycan Hökumətinin dəstəyini bir daha hiss etdik

Naxçıvan şəhərində fəaliyyət göstərən marketdə nöqsanlar aşkarlanıb

Azərbaycanla Qazaxıstan arasında korrupsiyaya qarşı mübarizə sahəsində memorandum imzalanıb

Kişi həndbolçular arasında ölkə kubokunun qalibi bəlli olub

Nyu-Yorkda 28 May – Müstəqillik Günü münasibətilə həmvətənlərimiz arasında voleybol çempionatı keçirilib

Ağdamda elektrik paylayıcı avadanlıqları və elektrik yuvaları istehsal olunacaq

BDU-da tanınmış alim, şair, professor Mahirə Nağıqızı ilə görüş olub

Polineziya nümayəndə heyətinin rəhbəri: Partiyamız 40 ildir müstəqillik uğrunda mübarizə aparır

Xüsusi təyinatlılar təlimdə - Naxçıvandan fotolar

Polineziya rəsmisi: Fransa xalqımın və ölkəmin müstəqillik hüququnu pozur

Afrika Badminton Konfederasiyası Şurasının üzvü Milli Gimnastika Arenasında olub

Bakı Dövlət Universitetində doktoranturaya sənəd qəbulu aparılıb

Azərbaycanlı tədqiqatçının fikirləri Malayziyanın dövlət agentliyində dərc olunub

Naxçıvanda “Şərqin qapısı – qədim diyar” II elmi konfransı keçirilib

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən

® “Silk Way West Airlines” Onno Pietersmanı əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin edib

Bakı qlobal startap ekosistemi reytinqində 68 pillə irəliləyib

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı qaldırılıb

Avstraliya Azərbaycanın COP29-a sədrlik missiyasını dəstəkləyir

AzMİU beynəlxalq reytinq siyahısında irəliləyib

Əli Hüseynli: Fransız Polineziyasının öz müqəddəratını təyin etmək hüququ vardır VİDEO

Rusiya Elmlər Akademiyasının 300 illik yubileyi qeyd olunub

14 ölkədən xarici QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb

Azərbaycanın iki güllə atıcısı Dünya Kubokunda mübarizə aparacaq

Azərbaycanın xırdabuynuzlu heyvanlarla bağlı beynəlxalq sertifikat almasının üstünlükləri açıqlanıb

Tarla seminarında “Qlobal iqlim dəyişikliyi şəraitində ərzaq təhlükəsizliyi” mövzusu müzakirə olunub

Baş nazir Əli Əsədov Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb

Şəhid jurnalist Məhərrəm İbrahimovun övladı Uğur bu gün 4-cü sinfi bitirdi, o, cərrah olmağı arzulayır

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Daşkəsəndə vətəndaşları qəbul edib, təsərrüfatlara başa çəkib

Laosda ASEAN ölkələri XİN başçılarının 57-ci iclası keçiriləcək