SİYASƏT
Qazaxda Dövlət Bayrağı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Qazax, 8 noyabr (AZƏRTAC). Qazax Rayon İcra Hakimiyyətində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov iştirakçıları əlamətdar gün münasibətilə təbrik etmiş, üçrəngli bayrağımızın Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ildə ilk dəfə qaldırılmasından, əsrin sonunda yenidən bərpa olunmasından danışmışdır.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Gülayə Həsənova məruzə ilə çıxış etmişdir.
“Dəyirmi masa”da çıxış edən rayon mədəniyyət şöbəsinin müdiri Valeh Vəliyev və Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının baş müəllimi Mübariz Süleymanov dövlət bayrağımızın yenidən bərpa olunmasında ulu öndər Heydər Əliyevin misilsiz rolundan, 2010-cu il sentyabrın 1-də Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayrağının Azərbaycanda dalğalanmasından bəhs etmiş, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyətini yüksək qiymətləndirmişlər.