MƏDƏNİYYƏT
Qazaxda Xalq Yazıçısı İsa Muğannanın 90 illik yubileyi qeyd olunub
Bakı, 9 iyun, AZƏRTAC
Qazaxda Xalq Yazıçısı İsa Muğannanın anadan olmasının 90 illiyinə həsr olunmuş “Ustad ömrü” adlı tədbir keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, şəhər tam orta və 2 saylı uşaq musiqi məktəblərinin şagirdlərinin, fəal oxucuların və mədəniyyət işçilərinin iştirak etdikləri tədbirdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Yazıçısı İsa Muğannanın həyat və yaradıcılığından söhbət açılıb.
Mərasimdə milli nəsrimizin fəxri, zəngin yaradıcılığında tarixi və müasir həyat həqiqətlərini dolğunluqla əks etdirən ustadın ömür yolu haqqında kino-xronika nümayiş olunub. İsa Muğannanın ssenari müəllifi olduğu əvəzolunmaz filmlər kino tariximizin müqəddəs mirası kimi qorunub saxlanılır.
Sonda iştirakçılar ədibin ssenari müəllifi olduğu “Tütək səsi” filmini böyük maraqla izləyiblər.