Qazaxıstan nümayəndə heyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində olub
Bakı, 2 aprel, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşün məqsədi Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura səviyyəsində təhsil alan dövlət qulluqçuları üçün Azərbaycanda tətbiq olunan müasir idarəetmə texnologiyaları ilə tanışlığın təşkili, dövlət siyasəti və institusional mexanizmlər sahəsində təcrübə mübadiləsinin aparılması olub.
Komitənin fəaliyyəti barədə məlumat verən sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, gender bərabərliyinin təşviqi, ailə institutunun möhkəmləndirilməsi, qadınların hüquqlarının müdafiəsi və uşaqların rifahının təmin olunması istiqamətində ardıcıl layihələr və maarifləndirmə tədbirləri həyata keçirilir. O, həmçinin beynəlxalq əməkdaşlığın bu sahədə təcrübə mübadiləsi və yeni təşəbbüslərin formalaşması baxımından xüsusi rol oynadığını qeyd edib.
Nümayəndə heyəti Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadınların ictimai həyatda iştirakının artırılması və uşaqların hüquqlarının qorunması istiqamətində görülən işləri və tətbiq olunan innovativ yanaşmaları yüksək qiymətləndirib.
Qeyd edək ki, görüş Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda təcrübə proqramı çərçivəsində təşkil edilib.