Qazaxıstan və Gürcüstan arasında nəqliyyat-logistika infrastrukturu üzrə əməkdaşlıq genişləndirilir
Astana, 8 sentyabr, AZƏRTAC
Qazaxıstan və Gürcüstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM – Orta dəhliz) və nəqliyyat-logistika infrastrukturunun inkişafını müzakirə ediblər.
AZƏRTAC “Qazaxıstan Dəmir Yolları” SC-yə (KTZ) istinadən xəbər verir ki, şirkətin İdarə Heyətinin sədrinin müavini Erlan Koyşibayevin rəhbərlik etdiyi nümayəndə heyəti Batumiyə işgüzar səfər edib və burada gürcü tərəfdaşlarla bir sıra görüşlər keçirib.
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani və Anakliya dərin dəniz limanının inkişafı agentliyinin direktoru David Cavaxadze ilə görüşdə terminal güclərinin birgə inkişafı və əsas infrastruktur layihələri, o cümlədən Anakliya dərin dəniz limanının fəaliyyətə başlaması müzakirə olunub.
“International Container Terminal Services Inc.” (ICTSI) şirkətinin rəhbərliyi ilə keçirilən ayrıca danışıqlarda Batumi Beynəlxalq Konteyner Terminalının infrastrukturunun birgə inkişafı məsələlərinə də baxılıb.
“Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüş zamanı tərəflər Trans-Xəzər marşrutu çərçivəsində birgə fəaliyyəti, o cümlədən konteyner axınının fasiləsiz keçirilməsini təmin etmək üçün mövcud maneələrin aradan qaldırılması və logistikanın optimallaşdırılması istiqamətində praktiki addımları müzakirə ediblər.
Görüşlərin yekunlarına əsasən, tərəflər əlavə yük axınlarının cəlb edilməsi və Qazaxıstanla Gürcüstan arasında nəqliyyat dəhlizlərinin inkişafı məqsədilə əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını təsdiqləyiblər.