QAZAXISTANIN BTC LAYİHƏSİNƏ QOŞULMASI HAQQINDA HÖKUMƏTLƏRARASI SAZİŞ ÜZƏRİNDƏ İŞ İLİN SONUNADƏK BAŞA ÇATACAQDIR
Qazaxıstanın BTC layihəsinə qoşulmasının mümkünlüyü ilə əlaqədar hər iki ölkənin işçi qruplarının əvvəlki görüşü sentyabrın 2-3-də Bakıda keçirilmişdir. Bu görüşdə tərəflər ARDNŞ-in və “QazMunayQaz”ın hazırladıqları variantlar əsasında hökumətlərarası sazişin vahid variantının hazırlanması barədə razılığa gəlmişlər.
Saziş imzalandıqdan sonra Aktau-Bakı sisteminin sərmayəçiləri, Azərbaycan və Qazaxıstan hökumətləri arasında tranzit sazişləri imzalanacaqdır. Aktau-Bakı sisteminin yaradılması üçün neftin saxlanması və ötürülməsindən ötrü Aktaudan 76 km cənub–şərqdə yerləşən Kurık limanında yeni terminal tikmək, habelə birləşdirici boru kəmərləri çəkmək nəzərdə tutulur. Neftötürmə sisteminin gücü ildə 20 milyon ton olacaq, birinci mərhələdə 7,5 milyon tonadək neft daşınacaqdır. Sərmayələrin məbləği hökumətlərarası saziş imzalandıqdan sonra müəyyən ediləcəkdir. Yeni sistem 2006-cı ilin sonunadək, “Kaşaqan” yatağından ilk neft hasil edilməyə başlayanda tikiləcəkdir.
Aktau-Bakı sisteminin idarə olunması üçün ayrıca şirkət yaradılacaqdır. Onun əsas sərmayəçiləri Qazaxıstanın “Kaşaqan” yatağının işlənilməsində iştirak edən və BTC şirkətində 15 faiz ortaq payına malik dörd şirkət – “Eni”, “TotalFinaElf”, “ConocoPhilips” və “İnpex” şirkətləri olacaqlar.