SİYASƏT
Qazaxıstanlı ekspert: Türk Dövlətləri Təşkilatı beynəlxalq və qlobal subyektliyini artırır ŞƏRH
![Qazaxıstanlı ekspert: Türk Dövlətləri Təşkilatı beynəlxalq və qlobal subyektliyini artırır ŞƏRH](/files/2023/3/1200x630/16990962911206965183_1200x630.jpg)
Bakı, 4 noyabr, N.Məmmədova, AZƏRTAC
Türk Dövlətləri Təşkilatının Astanadakı 10-cu yubiley Zirvə görüşünün nəticələrini olduqca səmərəli və dönüş yaradıcı adlandırmaq olar. TDT dinamikası ilə fərqlənir, daim inkişaf edir, səlahiyyətinin və əməkdaşlığın dairəsini genişləndirir.
Bu fikri AZƏRTAC-la qazaxıstanlı politoloq, siyasi elmlər doktoru Talqat Kaliyev bir gün əvvəl Qazaxıstan Respublikasının paytaxtında keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü barədə danışarkən bölüşüb.
Onun sözlərinə görə, bundan əvvəl TDT əsasən mədəni birlik kimi qəbul edilirdisə, indi bu həm də iqtisadi strukturdur və onun nəzdində Türk İnvestisiya Fondu fəaliyyət göstərir. Bununla əlaqədar olaraq o, dünənki Zirvə görüşündə Qazaxıstanın ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin dəfələrlə artırılması zərurəti barədə bəyanatını vurğulayaraq, bunun iddialı, lakin olduqca real vəzifə olduğunu qeyd edib.
“Bundan əlavə, həmçinin siyasi bəyanatlar verilir, vahid mövqelər, baxışlar, yanaşmalar işlənib hazırlanır. Yəni, Türk Dövlətləri Təşkilatı planlı şəkildə beynəlxalq, qlobal subyektliyini artırır və şübhəsiz ki, dünya birliyi tərəfindən ciddi və nüfuzlu təşkilat kimi qəbul ediləcək”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.
Eyni zamanda, o, hələ ki, söhbətin təhlükəsizlik sahəsində əməkdaşlıqdan getmədiyini əlavə edib. “Hələ ki, biz hərbi və hərbi-texniki əməkdaşlıq xətti ilə ikitərəfli əlaqələri genişləndiririk. Lakin mən düşünürəm ki, bütün dünyada turbulentliyin artırılmasını nəzərə alsaq, bu meyar da yaxın zamanda reallaşdırıla bilər”, - deyə T.Kaliyev bildirib.
Ümumilikdə politoloqun fikrincə, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Türkiyədən keçəcək Orta Dəhlizin inkişafının əhəmiyyətini nəzərə alsaq, bu təşkilatın gələcəyi olduqca ümidvericidir. “Zənnimcə, Xəzər dənizi üzərindən ötürmə qabiliyyətinin inkişafı ilə həm TDT-nin iqtisadi potensialı, həm də onun bütün dünya üçün strateji əhəmiyyəti artacaq”, - deyə ekspert sözlərini yekunlaşdırıb.