Qəbələ Atıcılıq Klubunda fərqli turizm təcrübəsi VİDEO
Qəbələ, 9 aprel, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Qəbələ Atıcılıq Klubu.
Qəbələ rayonunun Bum qəsəbəsində yerləşən Qəbələ Atıcılıq Klubu həm təbiət vurğunları, həm də fərqli turizm həvəskarları üçün ideal məkandır.
2012-ci ildən fəaliyyət göstərən bu kompleks Qəbələnin heyrətamiz dağları və məşhur şabalıd meşələri ilə əhatələnərək turistlərə həm idman, həm də istirahət imkanlarını bir arada təqdim edir. Buraya gələn hər kəs ilk andan fərqli atmosferi hiss edir, dağların sükutu, təmiz hava və macəra dolu fəaliyyətlər insanı gündəlik həyatın yorğunluğundan uzaqlaşdırır.
Beynəlxalq Atıcılıq Federasiyasının standartlarına uyğun inşa edilən Qəbələ Atıcılıq Klubu peşəkar idmançılar üçün Olimpiya səviyyəli imkanlara malikdir. Kompleksdə pnevmatik silahlar üçün 10, 25 və 50 metrlik güllə atıcılığı zalları, dairəvi və səngər stend atıcılığı üzrə 6 meydança, sportinq istiqaməti üzrə isə 5 xüsusi sahə fəaliyyət göstərir. Bu geniş imkanlar həm peşəkar idmançıların, həm də atıcılıq idmanına maraq göstərən turistlərin diqqətini cəlb edir.
Təsadüfi deyil ki, Qəbələ Atıcılıq Klubu beynəlxalq yarışlara da ev sahibliyi edir. 2014-2018-ci illərdə burada atıcılıq idmanı üzrə qitə və dünya səviyyəli müxtəlif yarışlar keçirilib. Həmçinin 2025-ci ildə təşkil olunan MDB Oyunlarının stend atıcılığı üzrə yarışlarının da məhz bu məkanda baş tutması kompleksin yüksəksəviyyəli infrastrukturunun və beynəlxalq standartlara uyğunluğunun göstəricisidir. Bu səbəbdən dünyanın müxtəlif ölkələrinin milli yığma komandaları təlim-məşq toplantıları üçün tez-tez Qəbələ Atıcılıq Klubunu seçirlər.
Qəbələ Atıcılıq Klubu təkcə peşəkar idmançılar üçün deyil, macəra sevən turistlər üçün də geniş imkanlar təqdim edir. Burada oxatma, güllə atıcılığı, uçan və sabit hədəflərə yarımavtomat və qoşalülə silahlarla atış, kvadrosikllərlə dağ və meşə yollarında səyahət kimi fəaliyyətlər turistlər üçün unudulmaz anlar yaşadır. Uşaqlar üçün lazer atıcılığı, kvadrosikllərlə və elektrikli avtomobillərlə gəzinti imkanları isə bu məkanı ailəvi istirahət üçün ideal edir.
Macəra dolu bir günün ardından qonaqlar kompleksin hotel və kotteclərində dincələ, restoranlarda təbiət mənzərəsi fonunda ləziz təamlardan dadaraq günün yorğunluğunu ata bilərlər.
Müxbir - Rəşad Türkoğlu