REGİONLAR
Qəbələdə general Polad Həşimovun xatirəsinə həsr olunan müsabiqənin qalibləri müəyyənləşib











Qəbələ, 13 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunda Milli Qəhrəman, general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan yeniyetmə və gənclər arasında “Şəhidlər unudulmur” mövzusunda şeir müsabiqəsinə yekun vurulub.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, idarənin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Vətən müharibəsində şəhid olanların xatirəsinin heç vaxt yaddaşlardan silinməyəcəyini və şəhidliyin müqəddəs zirvə olduğunu yeniyetmə və gənclərə çatdırmaq, müsabiqə iştirakçılarının bədii yaradıcılıq potensialını inkişaf etdirmək olub.
Müsabiqəyə başlamazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və Təhsil Şöbəsinin müdiri Arifə Bayramova çıxış edərək, 2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn general-mayor Polad Həşimovun şərəfli döyüş yolu barədə məlumat veriblər.
Müsabiqənin yekun mərhələsində rayonun müxtəlif məktəblərindən 20-dək şagird iştirak edib. İştirakçılar torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizə və Milli qəhrəmanlarımıza vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər ifa ediblər. Yekun nəticələrə əsasən, Qəbələ şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Zəhra Məmmədova müsabiqənin qalibi adını qazanıb. Vəndam qəsəbə 1 və 3 nömrəli tam orta məktəblərin şagirdləri Nuray Nurəddinli və Aişə Baxışova müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Müsabiqənin qalibləri təşkilatçılar tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.