REGİONLAR
Qəbələdə şəhidlərin xatirəsinə həsr edilən film nümayiş olunub






Qəbələ, 23 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayon Mədəniyyət Mərkəzində “Şəhid analarına dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Zəfərin şahinləri - şəhidlər qonaq gəlib” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilən “Missiya” qısametrajlı filminin təqdimat mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, şəhid ailələrinin, qazi və müharibə iştirakçılarının, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Vətən müharibəsində şəhid olanların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd edib, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışıb, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Çıxışlardan sonra filmin nümayişi olub.