Qəbələdə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Qəbələ, 29 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən Qəbələ rayonunun igid oğulları İqbal Babayev və Aydın Bayramovun şəhadətə yüksəlmələrinin birinci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən qəhrəman oğulların şəhidlik zirvəsinə yüksəlmələrinin bir illiyi ilə əlaqədar icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin təhsil aldıqları məktəblərin kollektivləri və ictimaiyyət nümayəndələri onların məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
Sonra rayon rəhbərliyi şəhidlərin ailələrini evlərində ziyarət edib, ailə üzvlərinə mənəvi dəstək olub. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, döyüşlərdə göstərdikləri igidliklərə görə şəhid İqbal Babayev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları, şəhid Aydın Bayramov isə “Vətən uğrunda” medalı ilə təltif olunub.