“Qəbələ”dən rekordlarla zəngin qələbə
Bakı, 5 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz ki, oktyabrın 4-də Topaz Premyer Liqasının yeddinci turunun sonuncu qarşılaşmasında “Xəzər Lənkəran”ı qəbul edən “Qəbələ” komandası 6:0 hesabı ilə qalib gəlib.
Qəbələ şəhər stadionunda keçirilən və baş hakim Rəhim Həsənovun idarə etdiyi oyuna “qırmızı-qaralar” erkən qolla başlayıblar. Ölkə çempionatları tarixində ən tez vurulan qollardan birinə imza atan Dodo artıq 8-ci saniyədə hesabı açıb. Fakundo Pereyranın mərkəzlə uzun ötürməsindən sonra braziliyalı yarımmüdafiəçi qonaqların qapısını dəqiq nişan alıb - 1:0. Bu, Azərbaycan çempionatları tarixində ən erkən qol kimi tarixə düşməsi ilə yanaşı, Dodonun “Qəbələ”də 27-ci, cari çempionatın isə 23-cü qolu olub. Görüşün 10-cu dəqiqəsində Aleksey Qayın ötürməsindən sonra Pereyranın zərbəsi qarşısıalınmaz olub. Birinci hissənin sonlarında S.Zenyovun qapı önünə hava ötürməsini Aleksey Qay tamamlayıb. Mövsümdə 4-cü, “Qəbələ”də 8-ci qolunu vuran ukraynalı çempionatın bombardirləri siyahısında vahid liderliyə yüksəlib.
Baş məşqçi Roman Qriqorçukun yetirmələri qarşılaşmanın sonlarında növbəti qollarını vurublar. Əvvəl meydana sonradan daxil olan Aleksey Antonov fərqlənib. Az keçməmiş cənubi amerikalı F.Pereyra dublunu rəsmiləşdirib və hesabı 5:0-a çatdırıb. 89-cu dəqiqədə isə Ermin Zets sonuncu qolu Lənkəran təmsilçisinin qapısından keçirib.
Beləliklə, mövsümün ən böyük hesablı qələbəsini qazanan komanda 10 illik tarixinin rekordlarını təkrarlayıb. Bu, “qırmızı-qaralar”ın Azərbaycan Premyer Liqasında ən böyük hesablı növbəti qələbəsi olub. Komanda 2007-ci il noyabrında Sumqayıtda “Gənclərbirliyi”ni də eyni hesabla məğlub etmişdi. Bu dəfə isə “Qəbələ” doğma meydanda ən böyük hesablı çempionat qələbəsini əldə edib. Ümumiyyətlə, bütün yarışlarda Qəbələdə ən böyük hesablı ilk qələbə 2006-cı ilin oktyabrında “Şahdağ”la (Quba) kubok matçında qeydə alınmışdı - 6:0.