REGİONLAR
Qərb bölgəsinin məktəblərində yeni dərs ilinin ilk zəngi çalınıb FOTO
Gəncə, 16 sentyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Qərb bölgəsinin ümumtəhsil müəssisələrində 2024-2025-ci tədris ilinin ilk günü qeyd edilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, idarənin tabeliyində 192 tam, 46 ümumi, 13 ibtidai və 1 xüsusi məktəb fəaliyyət göstərir. Yeni dərs ilində bu təhsil müəssisələri üzrə 84 min 149 şagird təhsil alacaq. Onlardan 6372 nəfəri 1-ci sinif, 6769 nəfəri 10-cu, 6378 nəfəri isə 11-ci sinif şagirdidir. Ümumi müəllim sayı 8138 nəfərdir. Onlardan 183-ü 2024-2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə ümumi təhsil müəssisələrinə yeni təyinat alıblar. Təhsil infrastrukturunun yaxşılaşdırılması məqsədilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 38 təhsil müəssisəsində cari təmir işləri həyata keçirilib.
Yeni tədris ilində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 313 ümumtəhsil müəssisəsində, ümumilikdə, 92 min 276 məktəbli təhsil alacaq. İdarədən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, birinci sinfə daxil olan şagirdlərin ümumi sayı 7555 nəfərdir. 9269 nəfər 9-cu sinifdə, 6567 məktəbli isə 11-ci sinifdə təhsil alacaq. Müəllim sayı 15307 nəfərdir. Şagirdlərin rahat şəraitdə təhsil almaları üçün məktəblərdə lazımi şərait yaradılıb.
Bu il bütün ölkədə olduğu kimi, qərb bölgəsinin ümumi təhsil müəssisələrinin II-XI siniflərində də ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.