QƏZANIN NƏTİCƏLƏRİ ARADAN QALDIRILMIŞDIR
Dövlət Dəmir Yolunun mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, ilkin araşdırmalara görə, qəza qatarın hərəkət istiqamətində sayca 6-cı sisternin təkər oxunda boyuncuğun sınması nəticəsində baş vermişdir. Gürcüstan dəmir yoluna məxsus olan, neft məhsulları tullantıları ilə doldurulmuş həmin sistern 2003-cü ilin iyun ayında Batumi vaqon deposunda əsaslı təmir edilmiş və texniki istismarına 5 il zəmanət verilmişdir.
Qəza nəticəsində 11 vaqon relsdən çıxaraq paralel yola aşmış və baş vermiş yanğın nəticəsində təqribən 30 ton yük itkisi olmuşdur. Aşan vaqonlardan 11-i sistern, 2-si isə adi boş vaqondur. Sisternlərdən 5-i Azərbaycan, 4-ü isə Gürcüstan dəmir yoluna məxsusdur. Onlardan 7-si yüklü, ikisi isə boş olmuşdur.
Hadisə ilə əlaqədar Gürcüstan dəmir yolunun rəhbərliyinə operativ məlumat verilmişdir. Gürcüstan tərəfi qəzaya səbəb olmuş neft sisterninin həqiqətən Batumi vaqon deposunda əsaslı təmir olunduğunu təsdiqləmiş və nümayəndə heyətini Bakıya göndərmişdir. Həmçinin Azərbaycan Dövlət Dəmir Yoluna dəymiş maddi zərərin Gürcüstan tərəfinin hesabına ödəniləcəyi razılaşdırılmışdır.
Xoşbəxtlikdən hadisə zamanı insan tələfatı olmamışdır.
Qəzanın nəticələrinin aradan qaldırılması üzrə Azərbaycan Dövlət Dəmir Yolunda yaradılmış komissiya müvafiq tədbirlər görmüş, paralel yollarda qatarların hərəkətində fasiləyə yol verilməmişdir. Təmir işləri qısa vaxtda başa çatdırılmış və Bakı-Tbilisi istiqamətində qatarların hərəkəti tam bərpa edilmişdir.