AZƏRTAC xəbər verir ki, Röyter agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Kaliforniya Universitetinin alimləri insan orqanizmində qazanılmış immun çatışmazlığı virusunun dərman preparatlarının təsirindən gizləndiyi rezervuarı aşkar etmişlər. Tədqiqatçıların fikrincə, bu yer bağırsağın selikli qişasıdır. İmmun çatışmazlığı sindromu bu orqanda pərdələnərək, onun immun sistemini məhv edir. Tədqiqatın rəhbəri Satiya Dandekar demişdir ki, virusla orqanizm arasında real mübarizə yoluxmadan dərhal sonra bağırsaqda gedir. O xatırlatmışdır ki, bağırsağın limfa toxumalarında orqanizmin immun sistemi hüceyrələrinin 70 faizi iştirak edir. Virusun bura düşməsi selikli qişanın iltihabına və həmin hüceyrələrin kütləvi məhvinə səbəb olur. Selikli qişanın iltihabı xəstəliyi xeyli şiddətləndirir, normal selikli qişa isə, əksinə, virusun məhvedici təsirinə əngəl törədir.
İÇV-yə yoluxmalarına baxmayaraq, 10 il müalicəsiz yaşayan xəstələri nümunə gətirmək olar. Bu xəstələrin immun sistemi, o cümlədən T-limfositlər uzun müddət toxunulmamış qalmışdı. Dandekar demişdir ki, İÇV-nin kompleks müalicəsinə selikli qişanın və bağırsağın fəaliyyətini normal vəziyyətdə saxlayan antiiltihab preparatları daxil edilməlidir.
Amerika alimləri son tədqiqatlar zamanı virus əleyhinə fəal kimyəvi müalicə üsulunun səmərəli olduğunu bildirmişlər. Həmin müalicə üsulunun xəstəliyin erkən çağlarında tətbiqi daha yaxşı səmərə verir.
Xroniki bağırsaq iltihabından əziyyət çəkən insanların isə müalicəsi xeyli pis gedir. Çünki bu xəstələrin bağırsağı məhvedici QİCS virusu üçün ən rahat yerdir.