“Qida obyektlərində sanitariya-epidemioloji tədbirlər” mövzusunda təlim keçirilib
Bakı, 18 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, “Veysəloğlu” MMC-nin əməkdaşları üçün keçirilən növbəti təlim “Qida obyektlərində sanitariya-epidemioloji tədbirlər” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılara qida təhlükəsizliyi, təhlükəli qida, dezinfeksiya, dezinseksiya və deratizasiya haqqında ətraflı məlumat verilib. Qida zəncirinin bütün mərhələlərində sanitariya-epidemioloji tədbirlərə əməl edilməsinin vacib olduğu vurğulanıb və bununla əlaqədar qanunvericiliyin tələbləri diqqətə çatdırılıb.
Təlimdə sanitariya-epidemioloji tədbirlərin təşkili izah olunaraq bildirilib ki, belə tədbirlər zamanı müəssisənin daxili və xarici məkanı planlı olaraq nəzarətdə saxlanılmalıdır. Həmçinin zərərvericilərə nəzarət planlarında məsul şəxs təyin olunmalıdır. Zərərvericilərə qarşı aparılacaq zərərsizləşdirmə işləri ilə əlaqədar müəssisə və zərərsizləşdirməni aparacaq fiziki və ya hüquqi şəxs arasında müqavilə bağlanılmalıdır. Eləcə də istifadə olunan fiziki, kimyəvi və bioloji materialların ümumi siyahısı hazırlanmalı, materialların konsentrasiyası, tətbiq edildiyi bölgə, tətbiq metodu və nəzarət sıxlığı təyin olunmalıdır. Eyni zamanda, metodun tətbiqi ilə əlaqədar üsullar lazım olduqda dəyişdirilməlidir.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.