QİƏT-Ə ÜZV OLAN DÖVLƏTLƏR DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ RƏSMİ BAKININ MÖVQEYİNİ DƏSTƏKLƏYİRLƏR
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QİƏT PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev AZƏRTAC-ın müxbirinə demişdir ki, əsas məqsədi Qara dəniz regionunda iqtisadi əməkdaşlığı gücləndirmək olan QİƏT-in nüfuzu günbəgün artır. Region zəngin təbii sərvətlərinə, geostrateji əhəmiyyətinə görə dünyanı daha çox cəlb edir. Bu region həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayır. İlk vaxtlar yalnız iqtisadi təşkilat kimi fəaliyyətə başlayan qurumun siyasi baxımdan da nüfuzu get-gedə artır.
A.Hacıyev hesab edir ki, qurum həm də bir tribunadır və rəsmi Bakı bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair vəziyyəti həm də bu kürsüdən dünya ictimaiyyətinə çatdırır. Təşkilata daxil olan dövlətlər münaqişə ilə bağlı rəsmi Bakının mövqeyini dəstəklədiklərini bəyan ediblər.
A.Hacıyev onu da bildirmişdir ki, quruma daxil olan Ermənistan nə qədər cəhd göstərsə də, heç bir regional layihəyə qoşula bilmir. Ermənistan Azərbaycanla iqtisadi əməkdaşlığa da böyük maraq göstərir. Bizim cavabımız isə qətidir: nə qədər ki, torpaqlarımız işğal altındadır, 1 milyondan çox qaçqınımız öz doğma yurd-yuvalarına qayıtmayıb, Ermənistanla heç bir iqtisadi əməkdaşlıq ola bilməz. Bu fikir Prezident İlham Əliyevin çıxışlarında da səslənmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri əlavə etmişdir ki, bir sıra beynəlxalq təşkilatlar, hətta quruma daxil olmayan ölkələr belə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına böyük maraq göstərirlər. Son vaxtlar Avropa İttifaqı regional təşkilatla enerji sahəsində əməkdaşlığı genişləndirməyə başlamışdır. Azərbaycan isə bütün bu hadisələrin mərkəzindədir. Çünki Xəzər dənizində həyata keçirilən bütün layihələr birbaşa Azərbaycanın təşəbbüsü ilə reallaşır.