SİYASƏT
Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi Azərbaycanın uğurlarından bəhs edən material yayımlamışdır
Bişkek, 31 oktyabr (AZƏRTAC). Qırğızıstandakı “Kabar” Milli İnformasiya Agentliyi Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ilə müsahibə vermişdir.
Müsahibədə Azərbaycanın son illərdəki uğurları haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Azərbaycan iqtisadiyyatının uğurları ulu öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin adları ilə bilavasitə bağlıdır. Bu böyük şəxsiyyətlərin Azərbaycan iqtisadiyyatının düzgün planlaşdırılması və perspektiv islahatlar aparılması sahəsindəki uğurları ölkənin köklü inkişafına gətirib çıxarmışdır. İndi ölkəmizdə yeni-yeni zavod və fabriklər, mədəniyyət obyektləri inşa edilir, buna müvafiq olaraq yeni iş yerləri açılır.
Materialda qeyd olunur ki, son 8-10 ildə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları bölməsi güclü inkişaf yolu tutmuşdur. Yaxın gələcəkdə Azərbaycanın energetika sektoru ilə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsi də iqtisadiyyatın aparıcı qolunu təşkil edəcəkdir.
Müsahibədə deyilir ki, ulu öndər Heydər Əliyev Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə əlaqələrin genişlənməsinə böyük diqqət yetirmişdir və hazırda Azərbaycan Prezidenti İlham Əliyev bu ölkələrlə əməkdaşlığın dərinləşdirilməsini diqqət mərkəzində saxlayır.
Qeyd edilir ki, Almazbek Atambayev Qırğızıstanın Prezidenti seçildikdən sonra ölkələrimiz arasında əlaqələrin inkişafı yüksələn xətlə inkişaf edir. A.Atambayevin Azərbaycana rəsmi səfəri əməkdaşlığımızın dərinləşdirilməsinə təkan vermişdir. Bildirilir ki, ölkələrimiz arasında iqtisadi, mədəni sahələrdə, xüsusən də kənd təsərrüfatı istiqamətində daha yaxın münasibətlərin yaradılmasına ehtiyac vardır.
H.Orucov müsahibəsində daha sonra deyir: “Ümummilli lider Heydər Əliyevlə işlədiyim müddətdə bu böyük şəxsiyyətin türkdilli ölkələrə, o cümlədən Qırğızıstana necə hörmət və ehtiramla yanaşdığının şahidi olmuşam. Ulu öndər Heydər Əliyev türk dünyası ilə əlaqələrin genişlənməsinə böyük əmək sərf etmiş və bu sahədə çox iş görmüşdür. İndi isə Ümummilli Liderin bu işini onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir”.
Səfir müsahibədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qırğızıstanda tikəcəyi neft-emalı zavodu, III Bakıda Beynəlxalq Humanitar Forum və digər layihələr haqqında da məlumat vermişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek