Qızıl medal qazanan gimnast: Avropa çempionu olmaq üçün gecə-gündüz çalışıram
Bakı, 15 may, AZƏRTAC
Altı alətlə çıxışın 5-də səhvim olmadı. Yalnız sonda üç dəfə yıxıldım. Bu, mənim üçün böyük səhv hesab olunur. Amma buna baxmayaraq, komanda olaraq yaxşı çıxış etdik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində qızıl medal qazanan Azərbaycanın idman gimnastı Rəsul Əhmədzadə deyib.
Çoxnövçülük proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışa tam hazır olmadığını bildirib: “Budəfəki təəssüratlarım çox gözəldir. Lakin yarışa tam hazır deyildim. Zədələrim, ayağımda problem vardı, barmağım da şişmişdi. Buna baxmayaraq, 2-3 aydır etmədiyim hərəkəti çıxış zamanı yerinə yetirdim və çox uğurlu alındı. Düşünürəm ki, bunun sayəsində qızıl medala layiq görüldüm. Qələbə qazandığım üçün çox xoşbəxtəm”.
Gimnast turnikdə ciddi səhvlərə yol verdiyini vurğulayıb: “Böyük səhvim oldu. Üç dəfə hərəkəti tam yerinə yetirə bilmədim və yıxıldım. Amma digər alətlərdə çıxışımı yaxşı yerinə yetirdiyim üçün qızıl medal qazandım”.
R.Əhmədzadə qarşıdakı Avropa çempionatı barədə də danışıb: “Buradakı səhvlərimi analiz edəcəyəm. Xüsusilə turnikdə etdiyim səhvlərin üzərində işləyəcəyəm. Məqsədim Avropa çempionatında yüksək nəticə göstərərək finala yüksəlməkdir. Qitə çempionatı kimi nüfuzlu turnirdə bütün idmançıların hədəfi qızıl medal qazanmaq olur. Mən də bunun üçün gecə-gündüz çalışıram. Zədələr olmasaydı, daha yaxşı çıxış edə bilərdim. Çalışacağam ki, Avropa çempionatına qədər əvvəlcə zədələrimi tam sağaldım, daha sonra isə çıxışımı daha da təkmilləşdirim”.
O, komandanın əzmkarlığını xüsusi qeyd edib: “Komandanın ümumi əzmkarlığı mənə çox xoş təsir bağışladı. İlk alətdə uğursuzluq olanda bəzi idmançıların motivasiyası aşağı düşür. Amma bizim komandada belə olmadı. Hamı sona qədər mübarizə apardı”.
Qeyd edək ki, yarışda ölkəmizi 16 idmançı təmsil edir. 5 ölkədən 50-yə yaxın gimnastın mübarizə apardığı turnirə mayın 16-da yekun vurulacaq.