“Qlobal rəqabətqabiliyyətlilik indeksi–2020: Azərbaycanın mövqeyinin yaxşılaşdırılması” kitabı çapdan çıxıb
Bakı, 1 noyabr, AZƏRTAC
AMEA İqtisadiyyat İnstitutu əməkdaşlarının “Qlobal rəqabətqabiliyyətlilik indeksi - 2020: Azərbaycanın mövqeyinin yaxşılaşdırılması” kitabı çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kollektiv monoqrafiyada müasir dövrdə iqtisadi münasibətlərə yön və istiqamət verən əsas reytinqlərdən olan qlobal rəqabətqabiliyyətlilik indeksi araşdırılıb, onun müxtəlif subindeksləri üzrə təhlil və qiymətləndirmələr aparılıb. Əsasən də beynəlxalq müqayisəli göstəricilərdən istifadə etməklə Azərbaycanın mövqeyi müxtəlif sahələrdə təhlil və nəticələr verilib. Habelə subindekslər üzrə Azərbaycanın mövqeyi dinamik olaraq izlənilib və daha da yüksəldilməsi istiqamətində konkret təkliflər irəli sürülüb.
Monoqrafiya elmi-tədqiqat institutlarının əməkdaşları, dövlət orqanlarında, ictimai təşkilatlarda çalışan mütəxəssislər, ali məktəb müəllimləri və gənc tədqiqatçılar üçün nəzərdə tutulub.
İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru iqtisad elmləri doktoru, professor İrşad Kərimli, rəyçiləri iqtisad elmləri doktoru Seyfəddin Səməndərov və iqtisad üzrə fəlsəfə doktoru Ramil Əliyevdir.