Qobustanda şəhidin xatirəsi anılıb
Qobustan, 17 avqust, AZƏRTAC
Qobustan rayonunun Nabur kəndində dünyaya gələn, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Bəxtiyar Bayramşah oğlu Məmmədovun doğum günü uyuduğu kənd qəbiristanlığında məzarı yanında qeyd olunub. Mərasimdə rayon rəhbərliyi, kənd sakinləri, şəhidin doğmaları iştirak ediblər. Yaşasaydı, Bəxtiyarın 25 yaşı tamam olacaqdı...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimə gələnlər şəhidin məzarını ziyarət edib, üzərinə əklil və çiçəklər düzüblər. Ruhuna dualar oxunub. Çıxışlarda Azərbaycan Ordusunun çavuşu Bəxtiyar Məmmədovun şərəfli ömür yolundan danışılıb. Qeyd olunub ki, 1996-cı ilin avsustunda dünyaya göz açan Bəxtiyar Vətən müharibəsinin ilk günündən xüsusi təynatlıların sırasında olan qardaşı Xəyalla döyüşlərə qatılıb, Füzulinin azad edilməsi uğrundakı döyüşdə şəhid olub. Oktyabrın 30-da böyüyüb boya-başa çatdığı Nabır kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğurunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində Bəxtiyar və onun kimi şəhid oğulların xatirəsinin daim qəlblərdə yaşayacağı söylənilib, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışılıb.
Şəhidin atası Bayramşah Məmmədov diqqət və qayğıya görə minnətdarlığını bildirib.