QORKİ AVTOMOBİL ZAVODU “VOLGA SİBER” AVTOMOBİLLƏRİNİN İSTEHSALINA BAŞLAMIŞDIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Qorki Avtomobil Zavodunda (“QAZ” qrupu) “Volga Siber” avtomobillərinin seriyalı istehsalına başlanmışdır.
“QAZ” qrupu idarə heyətinin sədri Sergey Zanozin jurnalistlərə bildirmişdir ki, şirkət 2010-cu ilə qədər ildə bu markadan olan 65 min avtomobil istehsal etməyi planlaşdırır.
Onun sözlərinə görə, “Volga Siber”in Rusiya bazarında satış qiyməti 540-640 min rubl olacaqdır. Bu avtomobil korporativ satışlar üçün də nəzərdə tutulur.
Qorki avtomobil zavodunda “Siber”in istehsalı üçün tikilmiş yeni kompleksə gövdənin yığılması və qaynaq sexi, yığma sexi daxildir. Gövdənin rənglənməsi zamanı dünya standartlarına riayət olunmasını təmin edən “Haden-2” kompleksi modernləşdirilmişdir. 2008-ci ilin əvvəlində tam istehsal silsiləsi - gövdənin qaynaq edilməsi və rənglənməsi, avtomobilin yığılması və sifarişçiyə təhvil verilmək üçün tamamlanma işləri mənimsənilmişdir.
Yeni avtomobilin kompleksləşdirici hissə və materiallarının 70 faizi ABŞ-ın və Avropanın dünya şöhrətli “Magna”, “Bosch”, “TRW”, “Valeo”, “ZF” və başqa şirkətlərindən alınacaqdır. “Volga Siber” üçün lokallaşdırılmış kompleksləşdirici materiallar dünya keyfiyyət standartlarına cavab verən “Magna”, “Automotive”, “Lighting”, “Lear Corporation”, “Tenneco Automotive” və başqa şirkətlərin törəmə müəssisələri tərəfindən göndəriləcəkdir.
“QAZ” qrupu Rusiya müəssisələrində hazırlanan komponentlərin keyfiyyətini saxlamaq və ya yaxşılaşdırmaq şərtilə istehsalı 50 faiz lokallaşdırmaq niyyətindədir. “Chrysler” və “Magna” şirkətləri bütün mərhələlərdə istehsalın keyfiyyətinə nəzarət edəcəklər.
2006-cı ilin aprelində “QAZ” qrupu və “Chrysler” şirkəti “Sterling Heights Automotive Plant” zavodunun istehsal aktivlərini almaq barədə saziş imzalamışlar. Bu sazişə əsasən, “QAZ” qrupu “Chrysler” platformasında avtomobillər istehsal etmək üçün lisenziya almışdır. İstehsalına qoyulan investisiyaların ümumi məbləği 290 milyon dollardan çox olan “Siber” avtomobili məhz həmin platforma əsasında yaradılmışdır.
2008-ci ildə 20 min, 2009-cu ildə isə 40 min “Siber” avtomobilinin istehsal ediləcəyi gözlənilir. Zavodun ümumi layihə gücü ildə 100 min avtomobil istehsal etməyə imkan verir.