Qoşulmama Hərəkatı gəncləri Ümumdünya Şəhərsalma Forumunda fəal iştirak etməyi planlaşdırırlar - Açıqlama VİDEO
Bakı, 6 fevral, Pərvanə Qafarova, foto – Səfiyar Məcnun, AZƏRTAC
Azərbaycanda keçirilən “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi” yerli və xarici gənclər üçün bilik mübadiləsi, dialoq və gələcək karyera imkanlarının müzakirəsi baxımından mühüm platforma rolunu oynayır.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri, COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova bildirib.
Leyla Həsənovanın sözlərinə görə, tədbir artıq ikinci ildir ki, təşkil olunur və hər il 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilir: “Bu həftəni təşkil etməkdə məqsədimiz Azərbaycan gənclərini, eləcə də ölkəmizdə yaşayan və təhsil alan xarici gəncləri bir araya gətirərək bilik və təcrübə mübadiləsi aparmaqdır. Dövlət qurumlarından, biznes sektorundan və digər sahələrdən spikerlər dəvət olunurlar ki, gənclər onları maraqlandıran sualları ünvanlaya, prioritetlərini və gələcək karyera hədəflərini müzakirə edə bilsinlər. Tədbir gənclərin beynəlxalq əməkdaşlığının gücləndirilməsi, qlobal çağırışlara dair baxışlarının formalaşdırılması və liderlik bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyır”.
Leyla Həsənova vurğulayıb ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə şəbəkə kimi formalaşıb, 2022-ci ildə isə Şuşa Bəyannaməsi ilə beynəlxalq təşkilata çevrilib.
Təşkilat rəhbəri bildirib ki, builki “Qoşulmama Hərəkatı Gənclər Həftəsi”ndə ümumilikdə 100-dən çox gənc iştirak edir: “İştirakçılar arasında həm Azərbaycan gəncləri, həm də 25 xarici gənc var. Ümumilikdə 20-dən çox ölkədən 115-ə yaxın qonaq tədbirlərə cəlb olunub. Ötən il də eyni şəkildə 100-dən artıq gəncin iştirakı təmin edilmişdi”.
Leyla Həsənova, həmçinin Qoşulmama Hərəkatı Gənclər Təşkilatının qarşıdan gələn BMT-nin Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etməyi planlaşdırdığını vurğulayıb: “Urbanizasiya mövzuları qlobal gündəmdədir və gənclər bu sahədə xüsusilə fəaldır. Gələcək 20–30 ildə şəhərlərimizin və yaşayış mühitimizin necə formalaşacağını məhz gənclər müəyyən edəcəklər. Biz də onların bu prosesdə söz sahibi olmalarına töhfə vermək istəyirik. Buna görə də Ümumdünya Şəhərsalma Forumunda mütləq iştirak edəcəyik”.