Coğrafiyaşünas-alim: Yaşıl şəhər konsepsiyası sosial rifahın gücləndirilməsinə xidmət edir
Bakı, 6 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda “Yaşıl iqtisadiyyat və şəhər təsərrüfatı” mövzusunda təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru Nəriman Paşayev “Yaşıl iqtisadiyyatın şəhər təsərrüfatına təsirinin coğrafi aspektləri” mövzusunda çıxış edib. O bildirib ki, yaşıl şəhər konsepsiyası sıfır tullantı, aşağı karbon emissiyası və bərpaolunan enerji prinsiplərinə əsaslanaraq ekoloji tarazlığın və sosial rifahın gücləndirilməsinə xidmət edir.
Alim yaşıl iqtisadiyyatın şəhər təsərrüfatına təsirinin coğrafi aspektlərindən danışıb. O, yaşıl və mavi iqtisadiyyatın mahiyyətini, onların qəhvəyi iqtisadiyyatdan nə ilə fərqləndiklərini, yaşıl iqtisadiyyatın şəhər təsərrüfatında tətbiqi imkanlarını və coğrafi xüsusiyyətlərini geniş şəkildə izah edib. Bildirib ki, yaşıl iqtisadiyyat təbii resurslardan səmərəli istifadə, karbon emissiyalarının azaldılması və sosial rifahın yüksəldilməsinə əsaslanan inkişaf modelidir və bu yanaşma yalnız texnoloji yenilikləri deyil, eyni zamanda, idarəetmə və həyat tərzində fundamental dəyişiklikləri nəzərdə tutmaqdadır.
Bundan əlavə, alim Azərbaycanda yaşıl şəhər konsepsiyalarının tətbiq imkanlarını araşdırıb və xüsusilə bərpa və yenidənqurma mərhələsində olan Şuşa və Ağdam şəhərlərində yaşıl şəhər infrastrukturunun formalaşdırılmaqda olduğunu bildirib.
Nəriman Paşayev dünya şəhərlərinin iqlim və məkan xüsusiyyətlərinə uyğun planlaşdırılmasının, bərpaolunan enerjiyə keçidin, tullantıların təkrar emalının və su ehtiyatlarından səmərəli istifadənin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, bu yanaşmalar şəhər biomüxtəlifliyinin qorunmasına, ekomobilliyin inkişafına və icma əsaslı idarəetmənin güclənməsinə imkan yaradaraq şəhərlərin daha dayanıqlı və yaşana bilən olmasına şərait yaradır.