Deputat: Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi və investisiya əlaqələri sürətlə genişlənir
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ölkələrimiz arasında strateji tərəfdaşlığın güclənməsi, iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycanla BƏƏ arasında siyasi dialoq yüksək səviyyədə davam edir, iqtisadi və investisiya əlaqələri sürətlə genişlənir. Bütün bunların nəticəsidir ki, bu gün Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın əsas və etibarlı tərəfdaşlarından biri kimi çıxış edir və ölkələrimiz arasındakı əlaqələr strateji əməkdaşlıq prinsiplərinə əsaslanır.
BƏƏ səfərinin bir sıra amillərlə və tarixi hadisələrlə yadda qaldığını deyən S.Məmmədov qeyd edib: “Belə məqamlardan biri də Əbu-Dabidə Azərbaycan və BƏƏ Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin keçirilməsi oldu. Bu, iki ölkə arasında iqtisadi və enerji sahəsində əldə olunmuş uğurlu tərəfdaşlığın hərbi sahədə davamı və məntiqi nəticəsidir. Hərbi təlimlər Silahlı qüvvələrimizin operativ əlaqələrinin inkişaf etməsinə, hər iki tərəfin hərbi potensialının güclənməsinə töhfə verəcək. Azərbaycan əvvəllər belə yüksəksəviyyəli hərbi əməkdaşlığı yalnız Türkiyə ilə həyata keçirmişdi. Təqdirəlayiq haldır ki, ölkəmiz digər sahələrdə olduğu kimi hərb sahəsində də böyük nailiyyətlər əldə edir, hərbi tərəfdaşlarının sayını artırır. Müasir dövrdə bu, çox böyük uğurdur”.
Milli Məclisin deputatı vurğulayıb ki, səfər çərçivəsində yaddaqalan tarixi hadisələrdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabi şəhərində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşü oldu. Bundan əlavə, Prezident İlham Əliyevin Əbu-Dabidə Ermənistanın Baş naziri ilə görüşü də baş tutdu. Bu görüş ölkəmizin regionda sülhün və sabitliyin təmin olunması istiqamətində atdığı növbəti addımdır. Görüş zamanı Azərbaycan tərəfi konstruktiv mövqeyini, sülh prosesinin irəliləməsi, qarşılıqlı etimadın gücləndirilməsi və regional əməkdaşlığın inkişaf etdirilməsi təşəbbüslərini bir daha nümayiş etdirdi. Bütün bunlar göstərir ki, ölkəmizin regionda sülhün və sabitliyin təmin olunmasına yönələn səyləri davamlıdır və yaxın gələcəkdə Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasına real imkanlar mövcuddur. Prezident İlham Əliyevin konstruktiv təşəbbüsləri və dialoq prinsiplərinə sadiqliyi bu prosesin irəliləməsinə mühüm töhfə verir.