Prezident İlham Əliyevin liderliyi və sülh siyasəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir ŞƏRH
Bakı, 6 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətinin, apardığı uğurlu xarici siyasətin və diplomatik səriştəsinin bu gün dünyada bənzəri yoxdur. Müxtəlif liderlər etiraf edirlər ki, belə həssas regionda Azərbaycan ideal, unikal xarici siyasət kursu həyata keçirə bilir və ölkənin milli gündəliyi irəliləyir. Dövlətimizin başçısını bu gün nüfuzlu beynəlxalq mükafatlara aparan yol isə elə də asan olmayan, müharibədən keçən, Zəfərlə taclanan siyasi iradənin və qətiyyətin nəticəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin dünyanın ən prestijli humanitar və sülhyönümlü təltiflərindən biri - “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün təmin olunmasındakı rolunun beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərməklə yanaşı, bugünkü münaqişələr üçün böyük örnək və yol xəritəsidir. Dövlətimizin başçısı iki il bundan öncə, Milli Məclisdə andiçmə mərasimi zamanı da əminliklə bildirib ki, Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlindən gələni əsirgəməyəcəyik. Geridə qalan iki il ərzində o, Cənubi Qafqazda davamlı sülh və sabitlik yaratmaq naminə Azərbaycanın prinsipial sülh siyasəti ilə tarix yazıb.
“Ölkəmiz beynəlxalq hüquqa zidd olan işğala öz daxili potensialı hesabına son qoyub, dünya hərb tarixində görülməyən texnika ilə və diplomatik çeviklik sayəsində regionda status-kvonu dəyişib. Tarixi Zəfərdən sonra Prezident İlham Əliyev özünün müəllifi olduğu sülh müqaviləsi və gündəliyi ilə çıxış edib. Sülh müqaviləsi Azərbaycan xalqının üç onillik boyu gözlədiyi ədalətli, milli maraqlarımıza uyğun və Cənubi Qafqazda sağlam gələcəyə, dayanıqlı sülhün və sabitliyin əldə olunmasına hesablanıb. Qarşı tərəfin 5 il ərzində sülh gündəliyindən yayınmaq üçün atdığı manipulyativ addımlara baxmayaraq, nəhayət, Ermənistan da Azərbaycan tərəfinin şərtlərini qəbul etməyə məcbur olub. Bu sülh həm də, ölkəmizə təzyiqlər göstərməyə çalışan, sanksiyalara çağıran avropalı deputatların, erməni lobbiçisi konqresmenlərin, Qərbin ölkəmizə qarşı qərəzli mövqedə olan dairələrinin məğlubiyyətidir. Tarixi Vaşinqton razılaşmaları isə Cənubi Qafqaza yeni reallıq – sülh gətirib. Bu gün iki ölkə arasında ticari və iqtisadi əlaqələrin qurulması, etimad quruculuğu və normallaşma əməli addımlarla davam edir.
Prezident İlham Əliyevin beynəlxalq arenada şəxsi nüfuzu və liderlik keyfiyyətləri Azərbaycanın prinsipial, müstəqil, eyni zamanda, praqmatik siyasət yürütməsi dünya liderləri tərəfindən yüksək qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası adlı beynəlxalq təşkilata Azərbaycan Respublikasının Təsisçi Üzv Dövlət kimi qəbul edilməsi bunun əyani sübutudur. Azərbaycan öz ərazisində münaqişəni bitirib, indi regional və beynəlxalq arenada sülh dialoqunun təbliğatçısı qismində çıxış edir. Məhdud sayda dövlət və hökumət başçısının iştirak etdiyi Yaxın Şərq Sülh sammitinə dövlətimizin başçısı da dəvət edilib. Cənubi Qafqaz regionuna sülhün gətirilməsi şübhəsiz ki, Azərbaycanın nüfuzunu artırmaqla yanaşı, ölkəmizə olan ehtiyacı artırır. Bu gün Azərbaycan bölgə üzrə Orta Dəhlizin, Şərq-Qərb marşrutlarının ən təhlükəsiz və etibarlı tranzitidir. Müzəffər Ali Baş Komandanın xalqımızın və dövlətimizin qarşısında duran ən mühüm məsələlərin uğurlu həllinə nail olması ölkəmizdə mövcud güclü xalq-iqtidar birliyinin məntiqi nəticəsidir. Bu gün Azərbaycanın siyasət kursu beynəlxalq ictimaiyyət tərəfindən də ən yüksək mükafatlara layiq görülür”, - deyə deputat vurğulayıb.