ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu: “Starlink”in bloklanması Rusiyanın hücum tempini zəiflədəcək
Kiyev, 6 fevral, AZƏRTAC
“Starlink”in Rusiyada bloklanmasının Rusiya-Ukrayna müharibəsinin gedişinə ciddi təsir edəcəyinə dair müxtəlif fikirlər mövcuddur.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun (ISW) hesabatına görə, “Starlink”in bloklanması rusları Ukrayna logistikasına hücumlarını yavaşlatmağa məcbur edəcək. Bu, Donetskin Pokrovski şəhəri istiqamətində Rusiya bölmələri tərəfindən ən güclü şəkildə hiss ediləcək.
Analitiklər qeyd edirlər ki, Ukraynanın Rusiya üçün “Starlink” terminallarını bloklamaq səyləri Rusiyanın döyüş meydanını hava qüvvələrindən təcrid etmək cəhdlərinə təsirsiz ötüşməyəcək.
Bir neçə rus hərbi blogeri Rusiya qüvvələrinin artıq terminallardan istifadə edə bilməməsindən şikayətlənib və “Starlink” imkanlarının itirilməsinin döyüş meydanında yarada biləcəyi nəticələrdən narahatlığını bildirib.
Ukrayna Pilotsuz Sistemlər Briqadasının komandiri fevralın 5-də deyib ki, Rusiya qoşunları bu yaxınlarda xeyli sayda “Starlink” terminalı toplayıb və bu terminallar onlara bölmələr arasında sabit rabitə təmin edib.
Komandir bildirib ki, “Starlink” terminallarının bloklanması Rusiyanı kəşfiyyat və zərbə missiyaları aparmaq, qruplar arasında rabitəni saxlamaq imkanından məhrum edəcək və hücum əməliyyatlarını çətinləşdirəcək.
Müharibə Tədqiqatları İnstitutu isə hesab edir ki, “Starlink” terminalları olmadan Rusiya qüvvələri son həftələrdəki kimi döyüş meydanında eyni tempdə və dərinlikdə aktiv əməliyyat apara bilməyəcək.
Xatırladaq ki, yanvar ayında rusların Ukraynanın hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün “Starlink” dəstəkli dronlardan getdikcə daha çox istifadə etdikləri barədə məlumatlar ortaya çıxdı.
Bundan sonra Ukraynanın müdafiə naziri Mixaylo Fedorov Müdafiə Nazirliyinin məsələni həll etmək üçün dərhal “SpaceX” ilə əlaqə saxladığını bildirib.
Fedorov, həmçinin Ukraynada yalnız icazə verilən “Starlink” terminallarının fəaliyyət göstərəcəyini açıqlayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev