QRANT ÜZRƏ MÜBADİLƏ NOTALARI İMZALANMIŞDIR
Aprelin 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Bərpa mərkəzlərində avadanlığın təkmilləşdirilməsi” layihəsi üzrə Azərbaycan və Yaponiya hökumətləri arasında Mübadilə notalarının imzalanmasi mərasimi olmuşdur.
Nazir Əli Nağıyev mərasimi açaraq bildirdi ki, Yaponiya hökumətinin ölkəmizə ayırdığı 412 milyon yen qrant hesabına həyata keçiriləcək bu layihə əsasında Respublika Əlillərin Bərpa Mərkəzi, Uşaq Bərpa Mərkəzi və müharibə veteranlarının müalicə pansionatı tibb və bərpa avadanlığı ilə təchiz olunacaqdır. Bundan əlavə, Yaponiyanın bu sahədəki aparıcı mütəxəssisi xanım Yoşiko Tobimatsunun rəhbərliyi ilə texniki əməkdaşlıq da həyata keçiriləcəkdir. Belə ki, azərbaycanlı mütəxəssislər həmin avadanlıqdan istifadə qaydalarını öyrənmək üçün Yaponiyada təlim keçəçək, Yaponiya mütəxəssisləri ölkəmizə dəvət olunacaqlar.
Ötən illərdə Yaponiya hökumətinin müxtəlif sahələrin inkişafı ilə əlaqədar ayırdığı qrantların, yardımların böyük əhəmiyyətini xüsusi vurğulayan nazir Azərbaycan hökuməti adından, əmək qabiliyyətini itirmiş minlərlə əlil, uşaq və müharibə veteranı adından Yaponiya hökumətinə minnətdarlığını bildirdi.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tetsuya Xirose ölkəmizdə iqtisadiyyatın və demokratiyanın inkişaf etdirilməsindən məmnun qaldığını söylədi. Gələcəkdə Azərbaycanın dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri sırasına çıxacağına əminliyini vurğulayan səfir Yaponiya hökumətinin ğələcəkdə də respublikamıza hərtərəfli dəstək verəcəyini bildirdi.
“Bərpa mərkəzlərində avadanlığın təkmilləşdirilməsi” üzrə Mübadilə notalarını Azərbaycan hökuməti tərəfindən Əli Nağıyev, Yaponiya hökuməti tərəfindən Tetsuya Xirose imzaladılar.