REGİONLAR
Qubada keçirilən humanitar aksiyada 200-ə yaxın donor qan verib
Quba, 25 fevral, Elxan Yusifli, AZƏRTAC
Qubada hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə keçirilən qanvermə aksiyasında 200 nəfərə yaxın donor qan verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının Quba bölməsində keçirilən humanitar aksiyada xüsusi tibb briqadasının həkim-hematoloqları Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
Səhər saatlarından başlayan qanvermə aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarında çalışan əməkdaşlar fəal iştirak ediblər. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması üçün qanvermə aksiyalarının keçirilməsi böyük dəstəkdir.
18-65 yaş arası, çəkisi 50 kiloqramdan artıq, sağlam olan hər kəs qan donoru ola bilər. Kişilər hər 3 ayda, qadınlar isə hər 4 ayda bir dəfə donorluq edə bilərlər. Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların isə sağalandan 28 gün sora qan vermələri mümkündür. Həmçinin bilmək lazımdır ki, COVID-19 qanla deyil, hava-damcı yolu ilə yoluxan virus infeksiyasıdır.
Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.