Qubada keçirilən humanitar aksiyada 40 nəfər donor qan verib
Quba, 13 iyun, Elxan Yusifli, AZƏRTAC
Qubada hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə keçirilən qanvermə aksiyasında 40 nəfər donor qan verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzi Qan Bankının Quba bölməsində keçirilən humanitar aksiyada xüsusi tibb briqadasının həkim-hematoloqları donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
14 İyun - Ümumdünya Qan Donoru Gününə həsr olunmuş "Qan ver, həyat xilas et!" şüarı ilə keçirilən humanitar aksiyada Gənclər və İdman Nazirliyinin yerli qurumlarının əməkdaşları, idmançılar, idman ictimaiyyətinin nümayəndələri, könüllülər iştirak ediblər.
Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.
Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması üçün qanvermə aksiyalarının keçirilməsi böyük dəstəkdir.
18-65 yaş arası, çəkisi 50 kiloqramdan artıq, sağlam olan hər kəs qan donoru ola bilər. Kişilər hər 3 ayda, qadınlar isə hər 4 ayda bir dəfə donorluq edə bilərlər.