QUBADA “QUS QRİPİ” İLƏ ƏLAQƏDAR TRENİNQ KEÇİRİLMİŞDİR
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Aqrobiznes Mərkəzi tərəfindən keçirilmiş təlim məşğələlərində Quba, Dəvəçi, Xaçmaz, Qusar, Siyəzən və digər rayonların baytarlıq idarələri və laboratoriyalarının mütəxəssisləri iştirak etmişlər.
Treninqi ABŞ-ın Kolumbiya Universitetinin professoru Cefri Forman aparmışdır. Kursda quş qripi xəstəliyinin yaranma tarixi, törətdiyi fəsadlar, qanadlılar arasında yayılması və insana yoluxması, qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilmiş, xəstəliyə qarşı aparılan mübarizə tədbirlərindən və biotəhlükəsizlik qaydalarından danışılmışdır.
Təlim məşğələsində yerli mütəxəssislərə təhlükəli xəstəliklə əlaqədar sənədli film nümayiş etdirilmiş, ekspress diaqnostik testlərlə ilkin müayinə ətraflı izah olunmuş və müayinənin aparılması praktiki şəkildə göstərilmişdir.
Xatırladaq ki, bundan əvvəl belə tədbir Lənkəran və Sabirabad zona baytarlıq laboratoriyalarında həmin bölgələrin baytarlıq mütəxəssisləri üçün təşkil olunmuşdu.