Qubanın Alpan kəndində erməni daşnakların törətdiyi soyqırımının nişanələri
Quba, 31 mart (AZƏRTAC, Elxan Yusifli). 1918-ci ilin mart hadisələri zamanı Quba qəzasının 167 kəndi tamamilə dağıdılmış, Quba şəhəri talanlara və yanğınlara məruz qalmış, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun ən qədim yaşayış məntəqələrindən olan Alpan kəndində daşnakların törətdiyi vəhşiliklərin nişanələrinə indi də rast gəlmək mümkündür. Rayon mərkəzindən 16 kilometr uzaqlıqda yerləşən kənddə faciəni əks etdirən tarixi yerlərdən biri də qədim qəbiristanlıqdır. Dinc sakinləri qətlə yetirməklə ürəkləri soyumayan erməni vandalları kənd qəbiristanlığındakı baş daşlarını gülləbaran etmiş, buradakı Subaba türbəsini yandırmışlar. Güllələrin izləri baş daşlarının üzərində indi də qalmaqdadır.
Yerli sakinlərinin dediyinə görə, o dövrdə Alpan kəndində 30-dan artıq ev olmuşdur. Ermənilər bütün evləri yandırmış, qocaya, qadına, uşağa rəhm etməmişlər.