Qubanın meyvəçilik rayonu kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır
Quba, 10 may, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın hansı bölgəsinə, hansı rayonuna diqqət yetirsəniz oranın inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu görərik. Hazırda Quba rayonunun iqtisadiyyatının əsasını bağçılıq təşkil edir. Yerli camaatın böyük hissəsi alma bağlarından gələn gəlir hesabına büdcəsini formalaşdırır. Tarixə nəzər salsaq görərik ki, Qubanın meyvəçilik rayonu kimi formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Quba Rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli söyləyib.
Həsən Günəşli bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızda, xüsusən də Qubada bağçılığın inkişafı dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdi. Ümummilli Liderin təşəbbüsü ilə 1974-cü ildə “Meyvəçiliyin intensivləşdirilməsi və ixtisaslaşdırılması əsasında daha da inkişaf etdirilməsi tədbirləri haqqında” ayrıca hökumət qərarının qəbul olunması ölkəmizdə bağçılıq təsərrüfatının inkişafında, sözün əsl mənasında, yeni mərhələnin başlanğıcı oldu. Həmin qərara əsasən bir neçə il ərzində təkcə Quba rayonunda 14 min hektar sahədə intensiv tipli yeni bağlar salındı. O vaxtadək Azərbaycanın heç bir rayonunda 1 hektar belə intensiv tipli bağ sahəsi yox idi. 1984-cü ildə Quba bağbanları intensiv tipli bağlardan rayonun tarixində ilk dəfə olaraq 100 min tondan çox meyvə toplamağa müvəffəq oldular. Hazırda Qubada 20 min hektara yaxın meyvə bağı var ki, bunun da 15 min hektarı alma bağlarıdır.
“Mən tək Quba haqqında danışdım. Amma Azərbaycanın istənilən bölgəsində belədir. Ulu Öndərimiz daim xalqımızın rifahı, xoş güzaranı üçün çalışıb. Müasir Azərbaycanın inkişaf və tərəqqisi bilavasitə onun adı ilə bağlıdır. 1969-cu il iyulun 14-də Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanın həyatında yeni mərhələ başladı. Sovetlər dövründə Azərbaycanda nə qədər möhtəşəm işlərin həyata keçirildiyi hamıya məlumdur. Müstəqillik dövründə isə Ulu Öndər hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaqdan xilas etdi. Bu gün ölkəmiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində uğurla inkişaf edir, güclənir, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir”, - deyə Həsən Günəşli bildirib.