“QUM ADASI” DƏNİZ KƏŞFİYYAT QAZMA İŞLƏRİ İDARƏSİNİN YENİ İNZİBATİ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 20-də Kompleks Qazma İşləri Trestinin “Qum adası” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsinin (DKQİİ) inzibati binasının açılış mərasimi keçirilmişdir.
Kompleks Qazma İşləri Tresti müdirinin müavini İkram Qurbanov xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının ölkəmizə qazandırdığı uğurlardan ətraflı bəhs etmiş, neft-qaz sənayesində əldə olunan uğurlarda Azərbaycan qazmaçılarının böyük rolundan danışmışdır. O, xüsusilə vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə şirkətin tərkibində Kompleks Qazma İşləri Tresti yarandıqdan sonra həyata keçirilən qazma işləri sürətlənmiş, hasilatın daha da artırılması üçün bütün səylər səfərbər edilmişdir.
İ.Qurbanov ”Qum adası” DKQİİ-nin yeni inzibati binasının istifadəyə verilməsini ölkə rəhbərliyinin Azərbaycan neftçilərinə göstərdiyi diqqət və qayğının daha bir təzahürü kimi qiymətləndirmişdir.
Tədbirdə çıxış edən “Qum adası” DKQİİ-nin rəisi Əvəz Abdullayev, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, ARDNŞ-in sosial infrastrukturun idarəedilməsi şöbəsinin rəisi İmadət Ağalarov son illər neft və qaz sənayesi sahəsində əldə olunan uğurlardan danışmış, tikintisinə ötən ilin iyulunda başlanmış bu yeni, müasir inzibati binanın qazmaçıların rahat iş şəraiti ilə təmin olunmasında mühüm rol oynayacağını bildirmişlər. Çıxış edənlər ARDNŞ-in tabeliyində olan struktur vahidlərinin müasir avadanlıqlarla təchiz olunması istiqamətində görülən işlərin davamlı olacağına əminliklərini ifadə etmişlər. Natiqlər ölkə neftçilərinə göstərilən diqqət və qayğıya, onların əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları idarənin müasir standartlara uyğun təmir edilmiş binasının otaqlarını gəzmiş, burada aparılmış işlərlə tanış olmuşlar. İkimərtəbəli binanın otaqlarında yeni ofis mebelləri, kompyuterlər quraşdırılmışdır. Binanın birinci mərtəbəsində isə müasir avadanlıqlarla təchiz olunmuş 100 nəfərlik yeməkxana istifadəyə verilmişdir. Bundan əlavə, inzibati binanın ətrafı abadlaşdırılmış, burada yaşıllıqlar salınmışdır.
Açılış mərasimindən sonra tədbir iştirakçıları 470 nömrəli buruğa da baş çəkmiş, burada aparılan qazma işlərinin gedişi ilə maraqlanmış, buruğun yaxınlığında neftçilər üçün quraşdırılmış 3 ədəd yeni məişət köşkü ilə tanış olmuşlar. Köşklərin buruq ustası, yeməkxana və yaşayış üçün nəzərdə tutulduğu bildirilmişdir.