QURTULUŞ GÜNÜNƏ HƏSR EDİLMİŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında 15 iyun - Qurtuluş günü ilə əlaqədar “Milli Qurtuluş gənclərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masanı giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov açaraq milli müstəqilliyimizin əbədi və dönməzliyində mühüm rol oynayan 15 iyun tarixinin əhəmiyyətindən danışmış, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində baş verə biləcək faciələrə son qoyulduğunu faktlarla dəyirmi masa iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra dəyirmi masanın iştirakçıları olan gənclər çıxış edərək ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranmış hərc-mərcliyin və vətəndaş qarşıdurmasının qarşısının alınmasında ulu öndərin xıdmətlərindən danışmışlar. Qeyd edilmişdir ki, xalqın tələbi və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev böyük çətinliklər hesabına ölkə daxılındə sabitliyə nail olmuş və iqtisadiyyat tədricən inkişaf etməyə başlamışdır.
Dəyirmi masada bir məsələ də vurğulanmışdır ki, ümummilli liderimiz Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dahi rəhbərin siyasi xəttinin layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Bu inkişaf nəticəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuş və əsl söz sahibinə çevrilmişdir.
Dəyirmi masada bir daha əminlik ifadə olunmuşdur ki, xalqımızın taleyində mühüm əhəmiyyət kəsb edən 15 iyun Azərbaycanın tarixində əbədi yaşayacaqdır.