Quru Şri Şri Ravi Şankar ilə görüşə mindən çox insan toplaşıb
Bakı, 10 yanvar, Tatyana İvanayeva, AZƏRTAC
Bütün dünyada məşhur olan hindistanlı quru - Şri Şri Ravi Şankar Bakıya səfər edib. Onun gəlişi o dərəcədə ciddi ajiotaj yaratmışdı ki, bir gün ərzində quru ilə görüşmək arzusunda olanların sayı 1200 nəfəri ötüb. Xaricdən Azərbaycana xüsusilə bu görüşdən ötrü gələnlərin sayı 300 nəfər təşkil edib.
Humanitar lider, mənəvi ustad və sülh səfiri Şri Şri Ravi Şankar “Art of Living” beynəlxalq təşkilatının yaradıcısıdır. Onun stres və zorakılıqdan uzaq cəmiyyət arzusu bütün dünyada milyonlarca insanı ruhlandırır.
AZƏRTAC xəbər verir ki, qurunun Azərbaycana gəlişi gözlənilməz hədiyyə olub. Ravi Şankar hava limanından birbaşa DTX-nin mədəniyyət mərkəzinə onunla görüşə gələnlərin yanına yollanıb. O, axşam 22.00-dək insanlarla ünsiyyətdə olub, çoxsaylı sualları cavablandırıb. “Padma vibhuşan” ordeninin kavaleri sonra meditasiya keçirib.
Şri Şri Ravi Şankarın ikinci görüşü “Sea Breeze”də yüzdən artıq qonağın toplaşdığı “Nine Senses Art Center” yaradıcılıq və mənəvi inkişaf mərkəzində olub. Buradakı görüş də sual-cavab sessiyasından başlayıb. Quru görüş iştirakçılarına bildirib ki, hər bir insan üçün əsas enerji mənbəyi və sakit dərrakə onun nəfəs almasıdır. “Art of Living” təşkilatının bütün dünyada minlərcə müəllimi məhz unikal nəfəsalma təcrübəsini öyrədir.
Quru qeyd edib ki, Bakı dünyanın ən xoşbəxt ölkəsinə çevrilmək üçün böyük potensiala malikdir. O, ölkəmizin mənəvi mədəniyyətinin daha çox inkişafı üçün əlindən gələni edəcəyinə söz verib.
Şri Şri Ravi Şankar getməzdən əvvəl bu ilin noyabrında Bakıya “The Conference of the Parties” - BMT-nin iqlim dəyişmələri üzrə konfransına gələcəyini bildirib.
Şri Şri Ravi Şankar təkcə meditasiya müəllimi deyil, həm də “Biznesdə etika uğrunda” beynəlxalq forumunun banisidir. O, 2009-cu ildə “Forbes India” jurnalının versiyasına görə Hindistanın yeddi ən nüfuzlu adamı arasında beşinci yerdə olub.
1981-ci ildə o, “Art of Living” qeyri-kommersiya təhsil və humanitar təşkilatını yaradıb. Təşkilatın proqramı dərrakəni stresdən azad etmək imkanı verən unikal nəfəsalma texnikası üzərində qurulub. Mövcud olduğu 42 il ərzində dünyanın 150 ölkəsində 450 milyon nəfər təşkilatın kurslarını keçib.