QURUCULUQ PANORAMI
AZƏRTAC-ın səyyar briqadasının hazırladığı və Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş 2004-2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının həyata keçirilməsinin bəzi yekunlarından bəhs olunan silsilə materialların dərcini davam etdiririk.
QUBA
DAĞLIQ DİYARIN YENİ TİKİLİLƏRİ
Qubaya yaxınlaşdıqca, əlimizdəki soraq kitabını diqqətə vərəqləyirdik. Bu kitabda bildirilir ki, Quba rayonunun ərazisi 2610 kvadratkilometrdir. Hazırda rayon əhalisinin sayı 150 minə yaxındır, bunun 29,1 min nəfəri şəhərdə, qalanları isə iki qəsəbədə və 155 kənddə yaşayır. 2007-ci ildə Quba rayonunun ümumi daxili məhsulu 126,1 milyon manat olmuş, bunun 54,2 faizini aqrar bölmə vermişdir.
Aqrar bölmənin üstün yer tutmasını yolun hər iki tərəfi boyunca uzanan meyvə bağları, təpəliklərin yamaclarında otlayan qoyun sürüləri, şosenin hər iki tərəfində addımbaşı gördüyümüz meyvə satışı da təsdiq edir. İmprovizə edilmiş bazarlardan birinin yanında maşını saxladıq. Fermer Aslan Aslanovla söhbətə başladıq. Quba kəndlilərinin işlərinin vəziyyəti və qayğılar barədə fermerin öz sözlərini eşitmək maraqlı idi. Müsahibimiz fikrini gizlətmədi: “Açığını deyim ki, bu gün fermerlərimizin yetişdirdiyi meyvə və tərəvəzi Rusiyaya ixrac etmək sərfəlidir, orada qiymətlər daha münasibdir. “Şimal” ticarətinin yeganə çətinliyi sərhədi keçməklə bağlıdır. Orada müəyyən problemlər yaranır, növbədə gözləməli oluruq. Bizim malımız isə tez xarab olur. Ona görə də almanı elə burada, rayonda topdansatış qaydasınca satmalı oluruq. Aslan kişi ilə salamatlaşanda ona söz verdik ki, sərhəddə gömrük xidmətinin qubalı və digər qonşu rayonlardan olan fermerlərə nə vaxt şərait yaradacağını aydınlaşdıracağıq.
“Alma mövzusu” “SAF” MMC konserv zavodunda davam etdirildi. İdarə heyətinin sədri Aydın Mirzəliyev 1974-cü ildə Moskva Yeyinti Sənayesi İnstitutunu bitirmişdir. O, dərhal xəbərdarlıq etdi: Keçmiş SSRİ dövründəki “Quba konserv zavodu”ndan təkcə divarlar qalmışdır. Biz Avstriyadan, İsveçdən və Bolqarıstandan yeni avadanlıqlar gətirmişik”. Məlum oldu ki, məhsul yığımı və emalı mövsümündə burada 230 nəfər işləyir. Zavodda paketlərdə və butulkalarda 8 adda şirə istehsal edilir, habelə meyvə konsentratları buraxır. ABŞ, Almaniya, Rusiya, İsrail, Gürcüstan və başqa ölkələr bunları çox həvəslə alır.
SAF MMC-nin idarə heyətinin sədrinə belə bir sual verməkdən özümüzü saxlaya bilmədik: “Hazırda SAF MMC-yə rəqib olan “Quba konservləri-2” zavodunu işə salmağa hazırlaşırlar. Rəqiblərinizin sizin xammalı və müştərilərinizi özlərinə cəlb edəcəyindən narahat deyilsinizmi?” Bu sual, bir tərəfdən, rayonun iqtisadi inkişafının müsbət dinamikasını səciyyələndirir, digər tərəfdən, müəssisənin hələlik nisbətən qayğısız görünən həyatına bazar iqtisadiyyatı ilə bağlı müəyyən təshihlər edə bilər. Aydın Mirzəliyev əsl siyasi nəzakət nümayiş etdirərək, sualımıza birbaşa cavab verməkdən yayındı: “Başlıcası odur ki, iki zavodun rəqabəti Quba məhsullarının istehlakçılarının xeyrinə olsun”.
“Qədim Quba” adlı özəl xalçaçılıq kombinatında bizi müəssisənin sahibi Humayə Məmmədovaya təqdim etdilər.
Direktor dedi:
-“Qədim Quba”nın tarixi bir qədər kədərli başlamışdır. 2000-ci ildə fabrikdə cəmi 15 adam işləyirdi.
İstehsalın tamam dayanmasına imkan verməmək üçün Humayə xanım fabriki özəlləşdirmişdir. Bundan sonra vəziyyət yaxşılaşmışdır.
Humayə xanım təvazökarlıqla deyir: “2004-cü ildə biz 100 min dollar məbləğində kredit götürdük. Bu pulu istehsalın inkişaf etdirilməsinə yönəltdik. Hazırda fabrikdə 150 adam işləyir, ildə 600 kvadratmetrdən çox xalça toxuyuruq. Satışla bağlı heç bir problem yoxdur. ABŞ, Norveç, Fransa və başqa ölkələrdən gəlib Azərbaycanda işləyən əcnəbi mütəxəssislər, eləcə də Quba rayonuna gələn turistlər xalçaları həvəslə alırlar”.
Özlüyümüzdə fikirləşdik: xalça məsələsi, əlbəttə yaxşıdır, bəs, rayonun xalçaçılıqla məşğul olmayan qalan sakinləri çörək pulunu necə qazanırlar. Bu suala cavablardan biri belədir. Qubada 60 daş karxanası fəaliyyət göstərir. Onlar yazda sel-suyun dağlardan gətirdiyi daşlardan çınqıl və qum - bir sözlə, yerli inşaat materialları istehsal edirlər. Məşhur “Akkord” şirkətinin Quba karxanasının müdiri Kamran Məmmədov bildirdi ki, bir qədər aralıda “Akkord”un asfalt zavodu tikilir. Müsahibimiz bu məsələyə bir qədər də aydınlıq gətirdi: “Bitumu Bakıdan alacağıq. Bizim xammalımızın və əməksevər işçilərimizin olduğunu nəzərə alsaq, deyə bilərik ki, tezliklə rayonun bütün yollarına asfalt döşəmək mümkün olacaqdır”.
Rayon mərkəzindəki Olimpiya kompleksinin yaxınlığında Regional diaqnostika mərkəzinin tikintisində qızğın iş gedir. 2007-ci ildə başlanmış və ARDNŞ-in vəsaiti hesabına maliyyələşdirilən bu kompleksin tikintisi üçün 7 milyon manat vəsait ayrılmışdır. Avqust ayında tikintini başa çatdırmaq nəzərdə tutulur. Beləliklə, Quba kimi rayonlardan xeyli uzaqda hasil edilən Azərbaycan nefti ölkəmizin xalqının rifahına xidmət edir.
Şimala doğru yolumuza davam etdik. Burada növbəti modul istilik elektrik stansiyasının tikintisinin başlanmasının şahidi olduq. Qubanın yaxınlığında tikilən 110 meqavat gücündə bu stansiya üçün 14 hektar ərazi ayrılmışdır. Məlum oldu ki, tikintinin qızğın dövründə burada 50 ədəd ağır texnika və 500-dək adam işləyir. İşçilərin təxminən 300-350 nəfəri yerli sakinlərdir. Azərbaycan qazı ilə işləyəcək stansiyada Finlandiya və Avstriyada istehsal edilmiş avadanlıq quraşdırılacaqdır.
ASTARA
AZƏRBAYCANIN CƏNUB DARVAZASI
Astaranın baş meydanı rayon icra hakimiyyətinin binasının qarşısında yerləşir. Biz oraya Novruz bayramı münasibətilə şənliklərin ən gur vaxtında gəlmişdik. Saz sədaları altında oxuyan aşığın zənguləsi uzaqdan eşidilirdi. Böyüklü-kiçikli hamı mədəniyyət evinin qarşısındakı estradada toplaşmışdı.
Təbii ki, rayonun birinci şəxslərindən heç kəsi iş yerində tapa bilmədik - hamı bayram şənliyində idi. Müsahibimiz rayon icra hakimiyyəti başçısının sosial iqtisadi məsələlər üzrə müavini Xanverdi Şirinovdur. Saçlarına dən düşən, illər boyu adamlarla ünsiyyətdə olan, zəngin iş təcrübəsi toplamış bu insanın diqqətcilliyi nəzərimizdən qaçmadı. Söhbət zamanı vurğuladı ki, Astara 1930-cu ildən rayon mərkəzi statusu almışdır. Hazırda cənub bölgəsində doğum göstəricisi yüksəkdir, rayon sakinlərinin sayının 100 mini keçməsinə az qalır. 49 bələdiyyə orqanı olan rayonda 90 kənd və Kiyəbə qəsəbəsi vardır.
- Astara adının mənası nədir? Kimdənsə eşitmişik ki, “yol” deməkdir.
Müsahibimiz gülümsəyir: axı, bura respublikamızın cənub darvazasıdır. Ona görə də “Astara”nın “astana” sözünə daha yaxın olduğunu güman etməyə əsas var. Yadınıza salın ki, Nazarbayev öz ölkəsinin yeni paytaxtını belə adlandırmışdır. İran tərəfdə də Astara var. Deməli, buradan oraya, oradan da buraya astana var. Zarafatla deyilmiş olsa da, bu fikirdə ağlabatan məqamlar var: Astara respublikamızı İranla, sonra isə bütün Yaxın Şərqlə bağlayan kanallardan biridir, ölkəmizin cənubda iqtisadi əlaqələri dəmir yolu və avtomobil magistralı vasitəsilə həyata keçirilir.
Bu ilin əvvəlində rayonda məşğul əhalinin sayı 48.682 nəfər olmuşdur. Onlardan 42.050 nəfəri iqtisadiyyatın özəl sektorunda çalışır. Bərpa edilmiş və yeni yaradılmış müəssisələrdə 1860-dan çox daimi iş yeri vardır. Mövsümi işçiləri də nəzərə alsaq, deyə bilərik ki, əmək qabiliyyətli əhalinin əksəriyyəti iş ilə təmin olunmuşdur. Elə buna görə də rayon üzrə ümumi məhsul istehsalının həcmi 74.840 min manatdan çox və ya adambaşına 790 manatdır.
Kənd təsərrüfatında ciddi uğurlar qazanılmışdır. Taxıldan savayı bütün sahələrdə məhsuldarlığın artması təmin olunmuşdur. Taxıl əkinləri isə, demək olar, yarıbayarı azalaraq 3 min hektar düşmüşdür. Baxmayaraq ki, ikinci ildir dövlət taxıl əkən fermerlərə pul vəsaiti ilə kömək edir, lakin astaralılar kartofa üstünlük verirlər. Kartof istehsalını altı dəfədən çox artırmışlar.
Kəndlilər torpaq paylarını becərməklə yanaşı, öz həyətyanı sahələrində də çalışırlar. Pensər kəndindən olan köhnə dostumuz, tarix dərsi deyən Bulud müəllim bizi evinə dəvət etdi. İkimərtəbəli evin həyətində naringi ağacları, arı pətəkləri vardı. Xanverdi Şirinov dedi ki, bizdə bal yeməyi xoşlayırlar. Sonra isə o, başqa kəndlərdə yaşayan məşhur arıçılar barədə danışdı.
Hacı Əlikram Salayevin arıxanası Talış dağlarının ətəyindəki meşədə yerləşir. Bura əsl arı saxlamalı yerdir. Hacı Əlikram deyir ki, arıçılığa həvəs ona ata-babasından keçib. Deyilənə görə, Məhəmməd Peyğəmbər müsəlmanlara Qurana, habelə arıların müdrikliyinə hörmətlə yanaşmağı buyurmuşdur. Müqəddəs kitab bizə mənəvi qüvvə, arı balı isə fiziki sağlamlıq bəxş edir.
Əlikramın təsərrüfatında 120 arı ailəsi var. Onların hərəsi 18 kiloqrama qədər bal verir. Özü də necə bal! Meşə və dağ çiçəklərinin xoş ətri adamı bihuş edir. Bu, əməlli-başlı sərvət deyilmi?! Burada başqaları da arı saxlayır və məsləhət üçün hamı ona müraciət edir.
Rayonda çıxan “Astara” qəzetinin baş redaktoru Sakitağa Kərimov gəlişimizdən xəbər tutub özü bizi tapmışdı. Tanışlıqdan sonra çaybecərən Nizami Rəsulovun fermer artelindən söhbət saldı. Bildirdi ki, Rəsulovun 30 hektardan çox sahədə yerləşən plantasiyaları var. İşləri uğurla gedən başqa kəndli təsərrüfatları da var. Ümumiyyətlə, əkin-biçin üçün yararlı torpaq sahələri 17,6 min hektardır.
- Bəs, çəmən və otlaqlar sarıdan vəziyyət necədir? Mal-qaraya bəs edirmi?
Aqrar sektorda bizə bildirdilər ki, çəmən və otlaqların ümumi sahəsi 5,7 min hektardır. Kəsilmiş çəkidə heyvan və quş əti istehsalı, eləcə də süd sağımı artmışdır. Yumurta və yun istehsalında çoxdan gözlənilən artım hiss olunmaqdadır.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Kamil Səfərovla söhbətimiz qısa və konkret oldu, dedi ki, ulu öndərin respublikamızın tərəqqisinə istiqamətlənmiş xəttinin təntənəsinə, ölkəmizin ərazi bütövlüyünün hökmən bərpa ediləcəyinə inamımız günbəgün artır. Prezident İlham Əliyevin səmərəli fəaliyyəti buna zəmanət verir.
NEFTÇALA
MUĞANIN YENİ HƏYATI
Neftçala rayonu Xəzərin sahilində yerləşir. Xəzərin isə öz qanunları var, son illərdə onun səviyyəsi daim artmaqdadır. Sahilyanı əraziləri su basır, sakinlər yeni-yeni problemlərlə üzləşirlər. Bir tərəfdən də Kürün mənsəbindəki mövsümi daşqınlar adi hal alır. Buna görə də rayonun iqtisadiyyatına ciddi zərər vuran daşqınların qarşısını almaq üçün Kürün sahili boyunca 15,2 kilometr uzunluğunda bənd tikilməsi aktual məsələlərdən biridir. Artıq 4,4 kilometr məsafədə Kürün mənsəbi lildən təmizlənmişdir. Bu işlər başa çatdıqdan sonra hər il yazda aşıb-daşan Kürün suyunu bir qədər bərabər şəkildə paylamaq mümkün olacaqdır. Bir mühüm məqamı da unutmayıblar: çayın deltasında köçəri quşlar üçün zəruri şərait yaradılmışdır, onlar “evə yola düşməzdən əvvəl” burada həvəslə dincəlirlər.
Rayondaxili və rayonlararası yolların tikintisi və modernləşdirilməsi istiqamətində xeyli iş görülmüş, rayonun elektrik təsərrüfatı tamamilə yeniləşdirilmiş, yeni xətlər çəkilmiş, daha davamlı dirəklər qoyulmuşdur. Yaşayış məntəqələrinin qazlaşdırılması işləri genişləndirilir, su təchizatı xidmətinin işi nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmış, kanalizasiyanın buraxıcılıq imkanı artırılmışdır.
Təzə mənzilin açarını almış sakinin xoşbəxtliyini nə iləsə müqayisə etmək olarmı? Qarabağ müharibəsi əlili Əli Qasımovun ailəsi 48 mənzilli evdə hər cür şəraiti olan üçotaqlı mənzilə təzəcə köçmüşdür.
Ə.Qasımov deyir: bu müddətdə 34 şəhid ailəsi və müharibə əlilinin mənzil şəraiti yaxşılaşdırılmışdır. Onlar hamısı Vətən uğrunda mübarizəyə verdikləri töhfənin unudulmamasına görə minnətdarlıqlarını bildirirlər.
Rusiyanın “İSR-Ximik” şirkəti tərəfindən əslində yenidən tikilmiş yod-brom zavodunun açılışında dövlətimizin başçısı iştirak etmişdir. Zavod tamamilə yeni texniki avadanlıqlarla işləyir.
“Azəriyod” MMC-nin baş direktorunun birinci müavini İqor Xaleyev bildirdi ki, həmişə ehtiyac duyulan bu antiseptikin istehsalına ötən əsrin 30-cu illərinin axırlarında başlanmışdı, lakin dünya ekologiya standartlarına uyğun olmadığına görə 1994-cü ildə müəssisənin fəaliyyəti dayandırılmışdı. Zavodun layihə gücü ildə 500 tondur, perspektivdə isə bunu 1500 tona çatdırmaq nəzərdə tutulur. Hazırda zavodda 200 nəfər işləyir. Onların da sayını artıraraq, 500 nəfərə çatdırmaq planlaşdırılır. Müəssisənin nizamnamə kapitalı 12 milyon dollardır. “Nikoyl” bankından 3,5 milyon dollar kredit alınmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankının kredit komitəsi isə MMC üçün daha 8,5 milyon dollar kredit ayrılması qərarını bəyənmişdir.
Neftçalada həm “qara qızıl” çıxarılır, həm də “ağ qızıl” yetişdirilir. Üstəlik, yod kimi qiymətli məhsul da emal edilərək, xarici ölkələrə satılır. Lakin bu diyarın ən böyük sərvəti onun əməksevər insanlarıdır. Məhz onların qayğısı sayəsində bu diyar tədricən dirçəlir.
Yerli sahibkarlığın inkişafından söhbət düşəndə bu hərəkatın pionerləri sırasında hökmən Tahir Xandəmirovun adı çəkilir. İşgüzarlığı, fərasəti ilə seçilən Xandəmirov bazar iqtisadiyyatı şəraitində özünü çox sərbəst hiss edir. İşlərini elə ustalıqla idarə edir ki, onun sadə kəndli ailəsindən çıxmasına inanmırsan, sanki sanballı biznesmenlər nəslinin nümayəndəsidir.
T.Xandəmirov deyir:
-10 il bundan əvvəl biz “Zəhmət Sərxan” adlı kəndli (fermer) təsərrüfatını yaratmışıq. Ötən dövrdə bu təsərrüfatı bir çox cəhətdən nümunəvi təsərrüfata çevirmişik. Biz buğda, yemlik arpa yetişdirir, cins və yerli qaramal saxlayırıq. Yaxın gələcəkdə cins heyvanları tövlə şəraitində saxlamağa başlayacağıq. Ət-süd məhsullarını müqavilə üzrə başqa bir sahibkara satırıq. O, süddən müxtəlif məhsullar hazırlayıb satır. Bu yaxınlarda 10 il müddətə kreditlə traktor və taxılyığan kombayn almışıq. Təsərrüfatı inkişaf etdirmək üçün bizə 300 min manat kredit ayrılıb, hazırda nohur balıqçılığı ilə məşğul olmağa hazırlaşırıq.
Onu da əlavə edək ki, T.Xandəmirov dörd il əvvəl aldığı çörəkbişirmə sexini nümunəvi çörəkxanaya çevirmişdir. İndi burada gündə 1 tondan artıq məhsul buraxılır.
T.Xandəmirovu yerli biznesmenlər arasında mayaka bənzədirlər. Onun şəxsi nümunəsi həqiqətən hünər sayılmağa layiqdir. Sahibkarlıqla məşğul olmaq istəyən yerli sakinlər az deyil, amma açığını deyək ki, heç də hamı dərhal uğur qazanmır. Bununla belə, başlıcası odur ki, kəndlilərin şüurunda dönüş yaranmışdır. Ancaq gərək çalışasan, riskdən qorxmayasan. Atalar sözüdür, halva-halva deməklə ağız şirin olmaz.
GORANBOY
ÖZƏL SEKTOR İNKİŞAF EDİR
Goranboy rayonunun yerli orqanlarının çox əhəmiyyət verdiyi işlərdən biri Murovdağın ətəklərindən 48 kilometr uzunluğunda su kəməri çəkilməsidir. Sakinlərin dediyinə görə, həmin su kəməri 14 yaşayış məntəqəsini əhatə edir. Bu ərazidə 73 bulaq tikilmişdir, onlardan kənd sakinlərinin həyətlərinə su xətləri çəkilmişdir.
İnsanlar razıdırlar, əvvəldən bilirdilər ki, evlərində bulaq suyu olacaqdır. Axı, 2003-2008-ci illər üçün Goranboy rayonunun sosial-iqtisadi inkişaf proqramına daxil edilmiş məsələlər sırasında içməli su probleminin həlli də vardı.
Qeyd etmək lazımdır ki, bu istiqamətdə görülən işlər regionların içməli su ilə təmin edilməsi barədə dövlətimizin başçısı İlham Əliyevin ciddi tələblərinə cavab verir. Əslində, goranboylular başqa istiqamətlərdə də eyni dərəcədə məsuliyyətlə işləyirlər. Rayonun abadlaşdırılması, sənaye sektorunun inkişafı, kənd təsərrüfatı potensialının artırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli iqtisadiyyata sərmayələrin cəlb edilməsi - qüvvə və vəsaitin bütün bu sahələrdə cəmlənməsi sayəsində rayon həqiqətən tanınmaz dərəcədə dəyişmişdir.
İqtisadiyyatda irəliləyiş həmişə həm insan resursları, həm də maddi ehtiyatlarla bağlıdır. 2003-cü ildə 89.400 nəfər əhalisi olan rayonun əmək qabiliyyətli sakinlərinin yarıdan çoxu, o cümlədən 30000 nəfərdən çox ali və orta ixtisas təhsilli adam işsiz idi. Aydındır ki, işsizliyin əsas səbəbləri sənaye sektorunun olmaması, kənd təsərrüfatında durğunluq, sahibkarlığın zəif inkişaf etməsi ilə bağlı idi.
43 yaşlı yerli biznesmen Qalib Mustafayev mebel, plastik borular və peyk antenləri üçün avadanlıq istehsal edən müəssisələrin sahibidir. O, ötən illəri xatırlayaraq deyir:
-Rayonda biznes fəaliyyətini sahmana salmaq heç də asan olmamışdır. Elektrik enerjisi, qaz, içməli su təchizatı yaxşı vəziyyətdə deyildi. Həyat səviyyəsi çox aşağı idi, hər tərəfdə yoxsulluq görürdün. Bir sözlə, əhalinin alıcılıq qabiliyyətini artırmaq üçün minlərlə adamı iş ilə təmin etmək, onların ticarət və xidmətlər sahəsində pul qazanmasına imkan yaratmaq lazım idi. Yerlərdə bu sadə həqiqəti yeni dövrün tələblərinə uyğun şəkildə yalnız ölkəmizin Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2003-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət proqramı qəbul ediləndən sonra başa düşməyə başlayıblar.
Bu o deməkdir ki, infrastrukturu möhkəmlətməklə iqtisadiyyatın yüksəlişinə yol açılmalıdır. Son dörd 4 ildə rayonda bu məqsədlər üçün 43 milyon manatdan çox sərmayə qoyulmuşdur. Nəticə göz qabağındadır: indi hətta kəndarası yollar da standartlara cavab verir, elektrik enerjisi verilişində fasilələr keçmişdə qalmışdır, evlərdə qaz və içməli su var. Yenilik isə həmişə cəlbedici olur: son dörd ildə 1582 sakin rayona qayıtmışdır. Onların hamısı özlərinə iş tapmaq və ya öz işlərini qurmaq imkanı əldə etmişdir.
Sənaye sektorunun xüsusi çəkisi artmaqdadır. Keçən il 5265 min manatlıq məhsul istehsal edilmişdir. Bu, 2003-cü ilin müvafiq göstəricisindən təxminən iki dəfə çoxdur. Kənd təsərrüfatı məhsullarının həcmi də təxminən bu nisbətdə, hətta daha sürətlə artmışdır. 2007-ci ilin yekunlarına görə bu göstərici 40 milyon manatdan çox olmuşdur. 2007-ci ildə ümumi daxili məhsulun həcmi 140 milyon manatı aşmışdır. Belə göstəricilərlə fəxr etmək olar.
Bir sözlə, goranboyluların əksəriyyəti bazar iqtisadiyyatı şəraitinə uyğunlaşmışdır. Məsələn, onlar indi hansı bitkini əkib-becərməyin faydalı olmasını, haraya sərmayə qoymağın, hansı işəgötürəni seçməyin sərfəli olmasını müəyyən edə bilirlər. Yeri gəlmişkən, yeni iş yerlərinin açılması hətta çoxdan pensiyada olanların da işə düzəlməsinə imkan verir. Rayonda 3500 nəfər bu cür işləyən ağsaqqal var. Heç kəs onları narahat etmir, çünki yaşlı nəslə mənsub insanların zəngin iş təcrübəsi həmişə qiymətlidir.
GÖYGÖL
DAĞƏTƏYİ ZONADA VAHƏ
Göygöl (keçmiş Xanlar) rayonu ərazicə böyük rayon deyil. Elə əhalisinin sayı da çox deyil, təxminən 56 min nəfərə yaxındır. Lakin bu ucqar yerdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların nəticələri aşkar görünür. İnsanlar bu dəyişiklikləri ruh yüksəkliyi və minnətdarlıqla qarşılayırlar. Çünki 90-cı illərin əvvəlində yaranmış vəziyyət onların yaxşı yadındadır.
O vaxt bu dağətəyi rayonun sakinləri çətin sınaqlarla üzləşmişdilər. Ermənistandan axın-axın gələn qaçqınlar, son dərəcə qeyri-sabit vəziyyət rayonun iqtisadiyyatını iflic etmişdi. Sənaye müəssisələrinin bir qisminin işi dayandırılmış, digərlərinin avadanlığını daşıyıb aparmışdılar. Biz Xanlar sakinlərinin qürur duyduqları və “çörək ağacı” sayılan aqrar-sənaye şərab kombinatı da belə müəssisələrdən idi. Bu kombinatda istehsal edilən məşhur “Şirvan” konyakının milyonlarla dekalitrinin, vaxtilə İtaliyadan gətirilmiş palıd çəlləklərin yeri bilinmədi, şampan şərabı istehsalı üzrə 150 il bundan əvvəl, hələ alman kolonistləri tərəfindən tikilmiş yeraltı sexlər isə baxımsız qalmış bomba sığınacağını xatırladırdı. Regionların inkişafı haqqında Dövlət proqramı qəbul edilməsəydi, bu rayonun taleyinin necə olacağını söyləmək çətindir. Dövlətin köməyi, biznesin, infrastrukturun inkişafı üçün yaradılmış şərait sayəsində əcnəbi və yerli sahibkarlar Bakı ilə yanaşı, rayonlara da diqqət yetirməyə başladılar. Xanlar şərab kombinatı beləcə dirçəldi, sanki Simurq quşu kimi pərvazlandı, onu yenidən təşkil edərək, “Xanlar aqrarsənaye” Səhmdar Cəmiyyətinə çevirdilər.
Əslində bu, tamamilə yeni müəssisədir, sexlərdə quraşdırılmış müasir xarici avadanlıq göz oxşayır. Müəssisənin şərab-araq məmulatı, konyak və şampan şərabı istehsalı üzrə gücü yerli bazarı bir sıra parametrlərinə görə xarici analoqların çoxundan heç də geri qalmayan yüksək keyfiyyətli məhsullarla təmin etməyə imkan verir.
Burada bizi müasir keyfiyyət laboratoriyası ilə, ümumi sahəsi 3000 kvadratmetr olan qədim yeraltı sexlərlə tanış etdilər. Sexlərdə qışda da, yayda da temperatur eynidir - müsbət 16 dərəcə. Alman kolonistlərinin buna necə nail olduqlarını heç kəs bilmir. Yerli şampan şərablarının şöhrəti də kolonistlərin adı ilə bağlıdır. Müəssisədə gizlətmirlər ki, onun əvvəlki şöhrətini bərpa etmək kollektivin, - hazırda burada 400-ə yaxın işçi çalışır, - ən böyük arzusudur.
Rayondakı başqa müəssisələrdə də irəliləyiş müşahidə olunur. 27 sənaye obyektinin hamısı artıq məhsul verir və onun həcmi durmadan artır. Son dörd ildə rayonda 3300-dən çox adam işlə təmin olunmuşdur. Yerli icra hakimiyyətində bildirdilər ki, burada işsizlik problemi çoxdan gündəlikdən çıxarılmışdır. Kəndli təsərrüfatlarının inkişafı üçün də çox iş görülür. İndi rayon sakinlərinin xüsusi mülkiyyətində 167 min başdan çox mal-qara və davar vardır. Kəndlilərin torpaq payları onların ailələrini kənd təsərrüfatı məhsulları ilə təmin etməklə bərabər, bu məhsulların artığını bazarda sataraq əlavə qazanc əldə etməyə də imkan verir.
Rayon icra hakimiyyətinin başçısı Arif Seyidov deyir: Həyatlarından şikayətlənən insanlar azdır. İndi onları öz ailələrinin rifahını yüksəltmək yollarını tapmaq məsələsi daha çox maraqlandırır. Yerli hakimiyyət də bu işdə onları həmişə dəstəkləyir.
######
![]() |
![]() |

