QUŞÜZÜMÜ ŞİRƏSİ ANTİBİOTİKLƏRİ ƏVƏZ EDƏ BİLƏR
AZƏRTAC xarici tibb nəşrlərinə istinadla xəbər verir ki, ABŞ-ın Uorçester Politexnik İnstitutunun (UPİ) mütəxəssisləri uzun illər ərzində apardıqları tədqiqat zamanı quşüzümü şirəsinin xeyirli xassələrinin əsasını təşkil edən biokimyəvi mexanizmlərin konstruksiyasını qurmağa müvəffəq olmuşlar. Alimlərin növbəti tədqiqatının nəticələri ABŞ Kimya Cəmiyyətinin San-Fransiskoda keçirilən illik konfransında nümayiş etdirilmişdir.
Quşüzümü şirəsinin bakterial infeksiyanın, xüsusən də, sidik ifrazı yollarının infeksiyasının qarşısını ala bilməsi kifayət qədər geniş məlumdur, lakin bunun əsasını təşkil edən biokimyəvi qarşılıqlı təsirin təbiəti uzun müddət aydınlaşdırılmamış qalmışdır.
UPİ alimləri əvvəlki tədqiqatları zamanı belə qənaətə gəlmişlər ki, quşüzümü şirəsindəki tanin maddələri xəstəliktörədən mikroorqanizmlərin hüceyrə qişası (membran) çıxıntılarının struktrunun şəklini dəyişdirir. Onların təsiri altında bakteriyaların çoxsaylı qamçıları qısalır və mütəhərrikliyini itirir ki, bu da bakteriyanın sidik ifrazı yolları epitelisinin hüceyrələrinə yapışması prosesini xeyli çətinləşdirir.
Yeni tədqiqat zamanı müəyyən edilmişdir ki, taninlərin təsiri nəticəsində E.coli bağırsaq çöpü bakteriyası təkcə qamçıların formasını deyil, membranın özünün struktrunu, habelə formasını da dəyişdirərək, çöpdən kürəyə çevrilir. Bundan başqa, taninlər E.coli-ni eyni növ bakteriyalar arasında siqnallar mübadiləsində iştirak edən indol maddəsi hazırlamaq qabiliyyətindən məhrum edir. Bütün bu metamorfozalar (dəyişikliyə uğrama) xəstəliktörədən bakteriyaların həyat qabiliyyətini azaldır və orqanizmin zədələnmiş toxumalarına keçməsini çətinləşdirir.
Tədqiqatların rəhbəri professor Terri Kamesanonun fikrincə, əldə olunmuş nəticələr göstərir ki, quşüzümü şirəsi və ya onun ayrı-ayrı komponentləri antibakterial vasitə kimi uğurla tətbiq edilə bilər.